Accessibility links

Qəzvin-Rəşt-Ənzəli dəmir yolu 2015-ci ilin əvvəlində istifadəyə veriləcək


Qəzvin-Rəşt-Astara dəmiryolu
Qəzvin-Rəşt-Astara dəmiryolu

İranın Gilan əyalətində səfərdə olan azərbaycanlı jurnalistlər "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolunun Gilan əyalətindəki hissəsində aparılan tikinti işləri ilə tanış olublar.

Trend agentliyinin məlumatına görə, Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin icraçı mühəndisi Fərhad Kafi azərbaycanlı jurnalistlərə açıqlamasında deyib ki, Qəzvin-Rəşt-Ənzəli dəmir yolunun uzunluğu 205 kilometrdir. Ənzəlidən Astaraya yolun uzunluğu 164 kilometr təşkil edir. Dəmir yolunun tikintisini 6 İran şirkəti altı müxtəlif hissədə eyni vaxtda davam etdirir: “Bizim şirkətimizin tikinti apardığı hissənin uzunluğu 16,5 kilometrdir. Dəmiryol marşrutu mürəkkəbdir və bizim tikinti apardığımız hissədə 5 ədəd mürəkkəb və böyük tikili mövcuddur. Körpünün tikintisi, layihələndirilməsi və digər işlərin hamısı iranlı mütəxəssislər tərəfindən həyata keçirilib”.

Onun sözlərinə görə, körpü Qəzvin və Rəşt şəhərlərini dəmiryol xətti vasitəsilə birləşdirir: “Körpünün uzunluğu 595 metrdir. 16 əsas və 38 yardımçı sütunu var. Körpünün tikintisi üçün 35 min kubmetr beton istifadə olunub”.

F.Kafinin sözlərinə görə, hazırda Qəzvin-Rəşt-Ənzəli dəmir yol marşrutunda tikinti işlərinin 80 faizi tamamlanıb və 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi gözlənilir.

F.Kafi Ənzəli-Astara dəmir yolunun tikintisi ilə bağlı deyib ki, hazırda bu istiqamətdə də işlərə başlanılıb.

Qeyd edək ki, bundan öncə İran rəsmiləri Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını demişdilər. Dəmiryol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb.

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmiryolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG