Accessibility links

Əfqanıstanda zəlzələ nəticəsində minə yaxın adam ölüb


Əfqanıstanda baş verən güclü zəlzələdən sonra ölənlərin sayı artmaqda davam edir.

Taliban rəsmiləri çərşənbə günü ölkənin cənub-şərqində baş verən zəlzələdə 900-dən çox insanın öldüyünü və ən azı 600 nəfərin yaralandığını bildirib.

Talibanın təbii fəlakətlərin idarə edilməsi üzrə nazirinin müavini Mövlavi Şərafuddin Müslim ilkin məlumatlara istinadən paytaxt Kabildə keçirdiyi mətbuat konfransında itkilərin sayını açıqlayıb. Onun sözlərinə görə, dağıntıların əksəriyyəti Pakistanla həmsərhəd Paktika və Xost əyalətlərində baş verib.

ABŞ Geoloji Xidməti (USGS) 6,1 bal gücündə zəlzələnin çərşənbə günü səhər saatlarında Xost əyalətinin mərkəzindən təxminən 44 kilometr aralıda baş verdiyini bildirib.

Sosial şəbəkələrdə paylaşılan videolarda çökmüş evlər və dağıntılar əks olunub. Zəlzələ paytaxt Kabildə də hiss olunub.

Taliban rəsmiləri insanların hələ də dağıntılar altında olduğunu və helikopterlərin dəstəyi ilə xilasetmə işlərinin davam etdiyini bildirib. Onlar, həmçinin Əfqanıstanda fəaliyyət göstərən bütün yardım təşkilatlarını xilasetmə əməliyyatlarına kömək etməyə çağırıblar.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstan üzrə humanitar koordinatoru Ramiz Ələkbərov Tvitter hesabında yazıb ki, onun missiyası "dünən gecə yüzlərlə insanın həyatına son qoyan zəlzələdən sonra ehtiyacları qiymətləndirmək və onlara cavab verməkdir".

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Əfqanıstan, Pakistan və Hindistanın 500 kilometrdən çox hissəsində hiss olunub. Pakistanın paytaxtı İslamabad və şimal-qərbdə yerləşən Pişəvər şəhərinin sakinləri də yeraltı təkanları hiss ediblər, lakin tələfat barədə məlumat yoxdur. İslamabad zəlzələnin vurduğu dağıntılarla bağlı Əfqanıstana başsağlığı verib.

"Səlahiyyətlilər və təsisatlarımız öz müvafiq qurumları ilə koordinasiya əsasında Əfqanıstana lazımi yardımı çatdırmaq üçün çalışır"- deyə, Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

XS
SM
MD
LG