Accessibility links

Məhkəmə Tofiq Yaqublu barədə 3 aylıq həbs qətimkan tədbiri seçib


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının fəalı Tofiq Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb. Tofiq Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

Mətbuat Xidmətinin rəisinin sözlərinə görə, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.

Zahidovun dediyinə görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü Elxan Cəbrayılov və onun həyat yoldaşı Cəvahir Cəbrayılova iş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilib.

İttiham sübut edilərsə, Yaqublunu 3 ildən 7 ilədək həbs gözləyir.

Ailə üzvləri bildirib ki, Tofiq Yaqublunun avtomobilini dayanıqlı vəziyyətdə başqa bir avtomobil vurub. Bu zaman avtomobili vuran şəxs Tofiq Yaqubluya hücum edib. Tofiq Yaqublu avtomobilinin qapılarını bağlayaraq hücumdan yayına bilib.

Tofiq Yaqublunun vəkili Elçin Sadıqov martın 22-də axşam və martın 23-də müdafiə etdiyi şəxslə görüşə buraxılmadığını yazıb.

“Martın 23-də səhər tezdən Nizami Rayon Polis İdarəsinin qarşısındayam. Hələ də məni istintaqa buraxmırlar. Bəhanə edirlər ki, istintaqın rəisi və müstəntiq otaqlarlnda deyil. Problemlə bağlı Ehsan Zahidovun köməkçisinə, Ombudsmandan Rəşid müəllimə zəng etmişəm. Eyni zamanda Bakı şəhər Nizami Rayon prokuroruna da məlumat vermişəm. Lakin hələ də Tofiq Yaqublunun müdafiə hüququ pozularaq məni istintaqa buraxmırlar,” vəkil Facebook səhifəsində qeyd edib.

Bu gün günorta saatlarında Tofiq Yaqublu Nizami rayon Prokurorluğuna gətirlib. Bu zaman vəkil Elçin Sadıqov onun müdafiəsinə qoşula bilib.

Onun sözlərinə görə, Nizami rayon Prokurorluğu Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə ittihamə təsdiq edib və işi məhkəməyə göndərib.

“Tofiq Yaqublu prokurorluqda ittihamı qəbul etmədiyini bildirdi Özünü təqsirli bilmir, siyasi fəaliyyətinə görə həbs edildiyini dedi. Müdafiə hüququ pozulduğuna görə ifadə verməkdən imtina edib,” vəkil Elçin Sadıqov prokurorluqda Tofiq Yaqublu ilə görüşdükdən sonra bildirib.

Onun sözlərinə görə, Tofiq Yaqublu dövlət tərəfindən təyin edilmiş vəkildən imtina edib.

Bakı şəhər Prokurorluğunun məlumatına görə, Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tofiq Yaqublunun qızı Nigar Həzi Nizami rayon Məhkəməsinin atası barədə 3 aylıq həbs qətimkan tədbiri seçdiyini bildirib.

Əli Kərimli: Tofiq Yaqublunun həbsi kinin, qorxunun, qisasçılığın təntənəsidir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli yazıb ki, Tofiq Yaqublunun avtomobili dayandığı halda vurulub. Onun sözlərinə görə, dünyanın koronavirusla mübarizəyə səfərbər olduğu, bütün ölkələrdə xalqların bu böyük bəla qarşısında öz milli həmrəyliyini gücləndirdiyi bir zamanda Azərbaycan hakimiyyətinin bu vəziyyətdən siyasi rəqiblərinə qarşı sui-istifadə etməsi kəmfürsətlikdir.

Repressiv rejim hər birimizi qurama bəhanələrlə həbs edə bilər. Lakin bu o demək deyil, ki, bununla öz hakimiyyətini əbədi edə bilər.
Əli Kərimli, AXCP sədri

“Tofiq Yaqublunun həbsi kinin, qorxunun, qisasçılığın təntənəsidir. Təkcə xalqa qarşı yox, həm də insanlığa meydan oxumaqdır. Tofiq bəyin həbsi bizim üçün gözlənilməz olmadı. Repressiv rejim hər birimizi qurama bəhanələrlə həbs edə bilər. Lakin bu o demək deyil, ki, bununla öz hakimiyyətini əbədi edə bilər. Bu həbslərdən bizim xalq olaraq çıxarmalı olduğumuz bir nəticə də o olmalıdır ki, bizi ayrı-ayrı fərdlərin mübarizliyi, cəsarəti, qəhrəmanlığı yox, hamımızın birgə səyləri, təşkilatlanmağımız, həmrəyliyimiz xilas edəcək,” Kərimli Facebook səhifəsində yazıb.

Müsavat Partiyası: Tofiq Yaqubluya qarşı baş verən siyasi təxribatdır

Müsavat Partiyasında Tofiq Yaqublunun hüquqlarını ictimai müdafiə komitəsi yaradılıb. Müdafiə Komittəsinə Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli sədrlik edir.

Tofiq Yaqubluya qarşı irəli sürülən itihamın tam uydurma olduğunu bildirərək, onun dərhal azadlığa buraxılmasını tələb edirik,
İctimai Müdafiə Komitəsi

“Tofiq Yaqubluya qarşı irəli sürülən itihamın tam uydurma olduğunu bildirərək, onun dərhal azadlığa buraxılmasını tələb edirik,” Müdafiə Komitəsi bildirir.

Müsavat Partiyasının bəyanatında isə deyilir ki, partiya Tofiq Yaqubluya qarşı baş verən hadisənin siyasi sifarişlə yerinə yetirilən təxribat olduğu qənaitindədir.

“Müsavat Partiyası Tofiq Yaqublunun dərhal azadlığa buraxılmasını, hadisənin əsil günahkarlarının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir,” sənəddə qeyd edilir.

Fuad Ağayev: Oktay Güalıyevin işi üzrə 4 aydır isitinaq gedir, Tofiq Yaqublu dərhal həbs edilir

Vəkil Fuad Ağayev Daxili İşlər Nazirliynin (DİN) Tofiq Yaqublunun işi üzrə açıqlamasına rəy verib. Vəkil yazır:

Bu gün barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmiş Tofiq Yaqublu hələ dünən yazmışdı ki, 8-ci kilometr bazarı yaxınlığında parkinq vəziyyətindəki maşınını qəsdən, nümayişkaranə şəkildə vurdular və üstünə hücum edirlər. DİN mətbuat xidməti isə deyir ki, Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Artıq burada ziddiyyət ortadadır – bir avtomobillə digərini vurma bir şeydir, onların toqquşması tamamilə başqa. Yalanı kim danışır?

Oktayın sağlamlıq durumu ilə cütlüyün vəziyyətini müqayisə etmək çətindir – Oktayın işində təqsirləndirilən şəxs həbs də olunmayıb. Burada isə bir gün keçməmiş, artıq Tofiqin nəqliyyat hadisəsində təqsirini müəyyən ediblər. Nəyin əsasında?
Fuad Ağayev, vəkil

Sonra Ehsan Zahidov deyir ki, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Əvvəla, nə tez müəyyən etdiniz ki, yol-nəqliyyat hadisəsində təqsir kimindir? Oktay Gülalıyevin işi üzrə istintaq 4 aydır gedir, hələ iş məhkəmə üçün hazır deyil, Oktayın adından verilən vəsatət isə təmin olunmayıb. Razılaşın, Oktayın sağlamlıq durumu ilə cütlüyün vəziyyətini müqayisə etmək çətindir – Oktayın işində təqsirləndirilən şəxs həbs də olunmayıb. Burada isə bir gün keçməmiş, artıq Tofiqin nəqliyyat hadisəsində təqsirini müəyyən ediblər. Nəyin əsasında? Cəbrayılovlar cütlüyünün sözləri əsasındamı? İkincisi, nə tez nəticə çıxardınız ki, Tofiq Yaqublu mübahisə edib, özü də əsaslı səbəb olmadan? Mübahisənin səbəbkarının o deyil, Cəbrayılovlar olması barədə Tofiqin söylədikləri, hadisə ilə bağlı məhz Tofiqin polisə müraciət etməsi, onun avtomobilinin ciddi zədələnməsi, Cəbrayılovun “avtoşlar” arasında populyar avtomobil sürməsi və s. faktlar niyə nəzərə alınmır? Olduqca təmkinli insan olan Tofiqin yumruq və vintaçanla cütlüyü döyməsi barədə ittiham nə ilə təsbit olunur? Onun avtomobilinin videoregistratorunun və yaxınlıqdakı müşahidə kameralarının görüntülərinə baxış keçirilibmi? Düşünürəm, yox.

O ki qaldı Yaqublunun “əməlinin” tövsifi məsələsinə, Azərbaycanda artıq çoxdandır ki, cinayətlərin tövsifindən baş çıxaranların sayı ilbəil azalır, cinayət olmayan yerdə insan təqsirli bilinir, yaxud da onun hərəkətləri qat-qat ağır cinayətlər kimi (bunun əksi də olur – lakin, bu ayrı mövzudur) qiymətləndirilir.

Istənilən halda, hətta Tofiq Yaqubluya istinad edilən “əməl”in özü belə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz! Şəxsi zəmində baş vermis mübahisə zamanı xəsarət yetirilməsi (əgər belə xəsarət yetirilibsə) ictimai qaydanı kobud pozmağa, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər – xuliqanlıq cinayəti kimi qiymətləndirilə bilməz! Yəni hətta DİN sözçüsü baş verənləri doğru-düzgün təsvir etsə idi belə, burada xuliqanlıqdan, özü də ki, xüsusilə qərəzli xuliqanlıqdan danışmaq mümkünsüzdür.

XS
SM
MD
LG