Accessibility links

Dairə seçki komissiyaları özlərindən olan şikayətləri araşdıracaq


Deputatlığa namizəd Xalid Bağırov Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz edir
Deputatlığa namizəd Xalid Bağırov Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz edir

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün, fevralın 17-də keçirilən iclasında Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə bağlı şikayətlərə baxıb.

MSK 46 saylı Şirvan (lider namizəd İltizam Yusifov), 88 saylı Göyçay (lider namizəd Sabir Hacıyev), 12 saylı Qaradağ–Binəqədi-Yasamal (lider namizəd Səbinə Xasayeva), 42 saylı Sumqayıt ikinci (lider namizəd Tahir Mirkişili), 51 saylı Qusar (lider namizəd Azər Badamov), 86 saylı İsmayıllı (lider namizəd Novruzəli Aslanov), 66 saylı Biləsuvar (lider namizəd Bəhruz Məhərrəmov), 10 saylı Binəqədi üçüncü (lider namizəd Madər Musayev), 9 saylı Binəqədi ikinci (lider namizəd Kəmaləddin Qafarov) seçki dairələri ilə bağlı şikayətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edib.

MSK 34 saylı Xətai ikinci seçki dairəsi (lider namizəd Mixail Zabelindir) üzrə 7 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib.

Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası

MSK sədri Məzahir Pənahov deyib ki, bu günə qədər sosial şəbəkələrdə 68 Dairə Seçki Komissiyasının (DSK) 179 seçki məntəqəsi ilə bağlı 385 videogörüntü yayılıb.

“Həmin görüntülərdən əlavə videogörüntülər sosial şəbəkələrə yerləşdirilsə, araşdırılmayacaq,” o qeyd edib.

Bu gün həmçinin deputatlığa namizədlər Xalid Bağırov, Bəxtiyar Hacıyev, Nurlanə Cəlil və digərləri yenidən MSK binasının qarşısına gələrək, saxtalaşdırmalar haqqında şikayətlərinə cavab tələb edib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, onlar toplaşanları dağılmağa çağırıb.

MSK-nın fevralın 13-də keçirilmiş iclasında 4 seçki dairəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra daha 13 seçki dairəsi üzrə şikayətləri baxılması üçün müvafiq seçki dairələrinin özlərinə göndərib.

Qanunvericiliyə görə, Mərkəzi Seçki Komissiyası fevralın 29-dək seçkilərin nəticələrini yekunlaşdırmalı və baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

XS
SM
MD
LG