Accessibility links

Yeddi ölkənin, o cümlədən ABŞ vətəndaşlarının Azərbaycana səfərinə icazə verilir


İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə səfər etməsinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Qərargah buna əsas kimi ölkədə epidemioloji vəziyyətin yaxşılaşmaqda davam etdiyini göstərib.

Bununla əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycanın ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

"Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan ərazisinə səfər etməsinə icazə verilir.

Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycana səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:

- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır,” məlumatda qeyd olunur.

Bundan əvvəl isə Türkiyə və Rusiya vətəndaşlarının Azərbaycana səfərlərinə icazə verilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman-sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

XS
SM
MD
LG