"Saleh Rüstəmliyə azadlıq!" tələbilə keçirlən aclıq aksiyasına daha beş nəfər qoşulub. Bunlar Azərbaycan Xalq Cəbhəsi Partiyasaının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, bu partiyanın funksionerləri Ceyhun Novruzov, Seymur Əhmədzadə, ictimai fəal İlkin Rüstəmzadə və Müsavat Partiyasının fəalı Elman Quliyevdir.
Bu gün, dekabrın 13-də Saleh Rüstəmli azadlığa çıxması tələbi ilə 38 gündür aclıq edir. O, bu gün su qəbulundan imtina edərək, quru aclığa keçdiyini bildirib.
Bundan sonra,Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmov, bacısı Yeganə Rüstəmova, xalası qızı Firəngiz Məmmədhüseynova və qardaşı oğlu Sayqın Rüstəm Penitensiar Xidmətin Müalicə Müəssisəsinin giriş qapısının qarşısına gələrək Rüstəmliyə dəstək məqsədi ilə quru aclığa başladıqlarını elan edib.
AXCP sədri Əli kərimli bildirib ki, aclıq aksiyasına qoşulmaq istəyənlər çoxdur və “hökumət səhvini düzəltməsə, bütövlükdə ölkəni bürüyə bilər.”
“Hakimiyyət dəqiq bilsin ki, xalqımız qəhrəman oğlu Saleh Rüstəmlinin məhbəsdə öldürülməsinə səssiz qalmaz və bu cinayəti heç kimə bağışlamaz. Hökumətin hələ də səhvini düzəltmək imkanı var. Hakimiyyət Saleh bəyin həyatı, eləcə də ölkədə ciddi siyasi böhran yaranması ilə risk etmədən Saleh bəyi dərhal azad etməlidir!” , Kərimli Facebook səhifəsində bildirib.
Bir neçə gün öncə Saleh Rüstəmlini Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə edən həkim, tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə deyib ki, Saleh Rüstəmlinin durumu potensial ağırdır.
“Burada söhbət 37-38 gün aclqı edən insandan gedir. İkincisi, bu qədər zəifləmiş, çəki itirmiş, dərialtı piy əzələ kütləsi itirmiş adam üçün hər hansı qoşulan bir xəsətəlik (məsələn, adicə soyuqdəymə, pnevmaniya) onun həyatına son qoya bilər. Yəni, vəziyyət ciddidir və təhlükəlidir. Rüstəmlinin quru aclığa keçməsi, yəni su qəbulundan imtinası onu ölümə aparan çox yaxın yol deməkdir. Onu bu yoldan daşındırmaq lazımdır. Əgər Rüstəmli buna gedərsə onu itirə bilərik,” tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində bildirib.
Rsəmi qurumlar aclıq aksiyası ilə bağlı hələ şərh verməyib.
Yalnız dekabrın 9-da Penitensiar Xidmətdən yerli mediaya bildiriblər ki, Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmlinin qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub.
“Rüstəmliyə, həmçinin dekabrın 7-də Azərbaycan Tibb Univerisitetinin professoru, tibb üzrə elmlər doktoru Adil Qeybulla tərəfindən tibbi baxış keçirilib, məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib” , Penitensiar Xidmət bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.
Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.
ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays dekabrın 10-da Twitter səhifəsində yazıb ki, Azərbaycan humanitar səbəblərdən Rüstəmlini təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Riçard Bekon Saleh Rüstəmlinin durumu ilə bağlı xüsusi açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, Saleh Rüstəmli ilə bağlı məsələ Azərbaycanda ədalətsiz mühakimənin geniş tətbiq edildiyini sübut edən faktlardan biridir.
AŞPA-nın yaydığı sənəddə Saleh Rüstəmlinin uzun müddət davam edən aclıq aksiyası nəticəsində səhhətinin narahatlıq doğuracaq səviyyədə olduğu bildirilir.
“Biz Azərbaycan hökumətini Saleh Rüstəmlini humanitar mülahizələrlə dərhal azadlığa buraxmağa çağırırıq,” məruzəçilər bildirir.