Accessibility links

“Dəhşətli repressiya illərinin təkrarlanmasına yol verməyə haqqımız yoxdur”- söz-sənət adamları müraciət edib


Azərbaycanın onlarla yazarı, söz və sənət adamı iyulun 14-də keçirilən Qarabağ yürüşünün iştirakçılarına qarşı repressiyaları pisləyən müraciətlə çıxış edib.

“Biz bütün ölkə ictimaiyyətinə, yazarlara, sənət adamlarına müraciət edərək, onları da baş verən bu xoşagəlməz hadisələrə səssiz qalmamağa çağırırıq. Əziz həmvətənlər, bu ölkə hamımızındır və burada baş verən bütün xoşagəlməz hadisələrin ağrısını birlikdə çəkəcəyik. Biz tarixən dəhşətli repressiya illərini yaşamış bir xalqıq. O illərin bir daha təkrarlanmasına yol verməyə haqqımız yoxdur. Bu gün ölkədə hər şeydən öncə bir həmrəyliyə ehtiyac var, bir olaq, birlikdə olaq ki, vətənimiz üçün səsimiz hər yerdə ucadan eşidilsin,” müraciətdə deyilir.

Sənəddə bildirilir ki, sərhəddə erməni silahlı qüvvələrinin təxribatı ilə başlayan və Azərbaycanın 12 hərbçsinin şəhid olması ilə nəticələnən hadisə ölkə gündəmini xeyli gərginləşdirib.

Təəssüf ki, həbslər bu gün də davam edir və Qarabağla bağlı o coşqulu yürüş arzuolunmaz bir qisasçılıq aksiyasına çevrilib. Biz bu bəyanatı imzalayan yazarlar ölkə rəhbərliyinə müraciət edərək, onları baş verənlərlə bağlı təmkinli olmağa və repressiyalara son qoymağa çağırırıq.
Müraciətdən sitat

“İllərdən bəri Qarabağ, torpaq ağrısı ilə yaşayan insanlar şəhid xəbərlərindən sarsılaraq küçələrə çıxdı və dövlətlə həmrəylik nümayiş etdirərək Bakı şəhərinin mərkəzində yürüş keçirdi. Dinc şəkildə və Qarabağ şüarları altında keçən yürüşə minlərlə insan qatıldı. Təəssüf ki, məlum yürüşdə hansısa çirkin qüvvələrin əli ilə təxribat törədilərək, insanların saf duyğularının üstünə kölgə salındı. Dünyanın istənilən yerində bənzər hadisələr olur və ümid etmək olardı ki, ölkə rəhbərliyi yürüşün Qarabağ şüarları altında keçirildiyini nəzərə alaraq, baş verən xuliqanlıq faktlarını qanun çərçivəsində inzibati şəkildə cəzalandırmaqla kifayətlənəcək. Amma bu gözləntinin əksinə, yürüşdə iştirak edən günahsız insanlara qarşı ağır repressiyalar başlandı. Onlarla insan heç bir tutarlı dəlil olmadan həbs olundu və barələrində ağır maddələrlə cinayət işi açıldı.”

Müraciəti imzalayanlar bildirir ki, həbs olunan insanlar arasında hamının tanıdığı və heç bir təxribatda iştirak etmədiyinə əmin olduğu onlarla insan var.

“Qarabağ qazisi, şair Manaf Kərimov da onlardan biridir ki, onun da həbs olunan onlarla vətənpərvər insan kimi günahsız olduğuna inanırıq. Təəssüf ki, həbslər bu gün də davam edir və Qarabağla bağlı o coşqulu yürüş arzuolunmaz bir qisasçılıq aksiyasına çevrilib. Biz bu bəyanatı imzalayan yazarlar ölkə rəhbərliyinə müraciət edərək, onları baş verənlərlə bağlı təmkinli olmağa və repressiyalara son qoymağa çağırırıq. Hesab edirik ki, ölkədə birliyə, həmrəyliyə və dialoqa ehtiyac duyulduğu bir zamanda bu cür kəskin addımlar atmaq, günahsız insanları ağır ittihamlarla həbs etmək yolverilməzdir. Belə sərt addımlar yalnız və yalnız ölkədə nifrətin və qarşıdurmanın dərinləşməsinə xidmət edə bilər. Ona görə hesab edirik ki, günahsız həbs edilmiş insanların azadlığa buraxılmasında və məhkəmənin media tərəfindən yayınlanmış real kadrlar əsasında obyektiv aparılmasında fayda var,” müraciətdə deyilir.

Rəsmi mövqe

Azərbaycan iqtidarı ölkədə fundamental insan hüquqlarının tam bərpa edildyini, insanların siyasi baxışlarına görə təqib edilmədiyini bildirir. Dövlət rəsmiləri insanlara qarşı repressiya aktları həyat keçrilməsi ilə bağlı fikriləri qəbul etmir və əsassız sayır.

Ölkə rəhbərləri siyasi məhbusların olması barədə deyilənləri isə ümumiyətlə qəbul etmir. Bununla yanaşı, yerli hüquq müdafiəçiləri hazırda həbsdə olan 130-dan çox insanı siyasi məhbus kimi tanıyır. Avropa Şurası Parlament Assambleyasına Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyət göstərir və qurum Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.

Ölkə beynəlxalq mətbuat azadlığı indeksində 180 ölkə arasında 168-ci yeri bölüşür.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib.

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

XS
SM
MD
LG