Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, son beş ayda gənclər arasında COVID-19-a yoluxma hallarının üç qat artdığı müşahidə edilib. Təşkilat buna səbəbin sosial məsafəyə məhəl qoyululmaması olduğunu deyib.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın sonundan iyulun ortalarına qədər 6 milyon yoluxma halının 15 faizinin 15-lə 24 yaş arasındakı insanlarda olduğunu bildirib. Fevralın sonunda bu, 4.5 faiz idi.
"Bunu əvvəl də demişik və bir daha deyirik - gənclər yenilməz deyil. Gənclər yoluxa bilər, gənclər ölə bilər və gənclər virusu başqalarına yoluxdura bilər" - deyə, təşkilatın baş direktoru Tedros Adhanom Qibreyesus bildirib.
Səhiyyə üzrə mütəxəssislər gənclərin maska taxmağa və sosial məsafə saxlamağa daha az meylli olduqlarını, onların həm də işə, çimərliyə, barlara və ya alış-verişə getmək ehtimalının daha yüksək olduğunu deyirlər.
ABŞ, Fransa, Almaniya, İspaniya və Yaponiya gənclər arasında yoluxmaların ən çox artdığını bildirən ölkələr sırasındadır.
Tokio rəsmiləri gənclərin şəhərdə toplaşdığı əyləncə bölgəsində koronavirus testləri keçirməyi planlaşdırdıqlarını bildirib. Onlar eləcə də gecə klublarından müştərilərə daha geniş yer vermələrini xahiş edib.
Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin yeni statistikasına görə, dünya boyu koronavirusa yoluxan 18.5 milyon insandan 700 mini ölüb
Dünyanın bir çox ölkəsində olduğu kimi COVID-19-a yoluxma və ölüm halları Avstraliyanın Viktoriya ştatının Melborn şəhərində də kəskin şəkildə artıb. Şəhərdə bir gündə 725 yeni yoluxma, 15 ölüm halı qeydə alınıb.
COVID-19-a yoluxma və ölümlərin ümumi sayına görə dünyada lider olan ABŞ-ın altı ştatının qubernatorları 3,5 milyon sürətli koronavirus testlərini almaq üçün alyans yaradıb. Luiziana, Merilend, Massaçusets, Miçiqan, Ohayo və Virciniya ştatlarının qoşulduğu təşəbbüs bəzi özəl laboratoriyalar tərəfindən test nəticələrinin açıqlanmasında böyük gecikmələrlə yanaşı, Vaşinqtondakı federal hökumətin ümummilli test strategiyasının olmaması şəraitində həyata keçirilir.