Ümumdünya Səhiyyə Təşkilatının bazar günü bildirdiyinə görə, pandemiyanın başlandığı gündən bəri dünya boyu son bir gündə 183 min olmaqla, COVID-19-a ən yüksək yoluxma halları qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri bir neçə həftə ərzində diqqətlərini Amerikalara yönəltdiyini və keçən həftə sonu regionda təkcə bir gündə koronavirusa 116 mindən çox insanın yoluxduğunu bildirib.
Braziliya 55 min yeni yoluxma faktı ilə, 36 mindən çox yoluxma qeydə alınan Amerikanı ötüb. Hindistanda isə yeni yoluxma halları 15 min nəfər təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus bazar ertəsi deyib ki, hazırda ən böyük təhdid virus deyil, "qlobal həmrəyliyin və liderliyin olmamasıdır".
"Biz bu pandemiyanı ayrı-ayrılıqda məğlub edə bilmərik" - deyə, o bildirib.
ABŞ-ın 10-dan çox ştatında yoluxma sürətlə artır. Cons Hopkins İnstitutunun Bloomberq Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin direktoru, doktor Tom Inqlesbi "Fox News Sunday"-yə müsahibəsində bu artımın daha çox testlər və yoluxmanın artması nəticəsində aşkar edildiyini deyib.
Prezident Donald Tramp 2,2 milyondan çox yoluxma halı ilə dünyada liderlik edən ABŞ-da təsdiqlənmiş halların sayının testlər sayəsində aşkar edildiyini dəfələrlə təkrar edib.
"Koronavirus testlərimiz o qədər çoxdur ki, (25 milyon test) və o qədər inkişaf edib ki, digər ölkələrə nisbətən daha çox yoluxma halları aşkar edilib və bu səbəbdən bizə yoluxanların sayı daha çox görünür" - deyə, o, bazar günü gecə tvitter səhifəsində yazıb.
Prezident bunları şənbə günü keçirdiyi siyasi mitinqdəki şıxışından sonra yazıb. Mitinqdə isə o bunları deyib: “Nə qədər çox test edəcəksinizsə, o qədər yoluxma aşkar ediləcək. Ona görə də öz adamlarıma "testləri azaldın" dedim."
Daha sonra Ağ Ev prezidentin zarafat etdiyini bildirib.