Accessibility links

Dövlətə xəyanətdə ittiham olunan redaktor aclıq aksiyasına başlayıb


Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası
Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası

Xeberman.com və Press-az.com saytların təsisçisi və redaktoru Polad Aslanov istintaqda hüquqlarının pozulmasına və qeyri-obyektiv məhkəmə təhqiqatına etiraz əlaməti olaraq aclıq elan edib. O, ona münasibətdə ədalətin bərpa edilməsi və cinayət işinə xitam verilməsi üçün müdaxilə etməsi xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

Jurnalistin həyat yoldaşı Gülmira Aslanova müraciətin mətnini mediada yayılıb.

Aslanov dövlət başçısına müraciətində xatırladır ki, 2019-cu il iyunun 12-də saxlanıldıqdan dərhal sonra o və onun ailə üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən təzyiqə və şantaja məruz qalıb.

Aslanovun sözlərinə görə, onun təqibinə hələ 2018-ci ilin əvvəllərində “Eşq Səfəri MMC”nin rəhbəri Fəxri Həsənovun DTX əməkdaşlarının bu firmanın Məşhəd və Kərbəlaya göndərdiyi hər bir ziyarətçidən 10-20 dollar alması ilə bağlı müraciətini “Xeberman.com” saytında yayması səbəb olub.

Aslanov iddia edir ki, məlumatın nəşrindən sonra DTX-dən ona rüşvət müqabilində nəşri silmək təklif olunub. O, təkliflə razılaşmayıb və çəkisinin 42 kiloqram olmasına və hərbi xidmətə yararsızlıq haqqında bileti olmasına baxmayaraq, apreldə, 29 yaşında hərbi xidmətə göndərilib.

Orduda xidməti bitirdikdən sonra, Aslanovun sözlərinə görə, DTX nümayəndələrindən və onun nəzarəti altında olan saytların rəhbərlərindən ona əməkdaşlıq təklifləri daxil olurdu.

Amma, Aslanov bu təklifləri rədd edib və iyunun 12-də ailəsi ilə birlikdə İrandan keçərək Naxçıvan Muxtar Respublikasına toy məclisinə gedərkən “Biləsuvar” sərhəd keçid məntəqəsində saxlanılıb. Aslanovun sözlərinə görə, bütün ailə üzvləri Bakıya DTX-ya qaytarılıb.

“Girov kimi saxladıqları anam, yoldaşım və 6 yaşlı qızımla hədələndim və bunun üçün istintaq zamanı istədikləri hazır ifadəyə imza atdım,” deyə Aslanov yazır.

O qeyd edir ki, dövlətə xəyanət ittihamına onun guya İran xüsusi xidmətlərinin tapşırığı ilə DTX-ni nüfuzdan salan material yerləşdirməsi səbəb olub.

“Bu əsassız ittihamla bağlı heç bir fakt-sübut və hal şahidi yoxdur,” Aslanov yazır.

O, həmçinin uzun illər DTX-nin istintaq idarəsində işləmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə təhqiqatının qeyri-obyektiv olduğunu qeyd edir.

“Bütün qeyd etdiyim qanunsuzluqlara qarşı avqustun 5-dən etibarən aclıq aksiyasına başlamışam. Ürək -damar xəstəsi və çəkimin 45 kiloqram olmasını nəzərə alsaq, bunun mənim üçün nə qədər ağır və çətin olduğunu, yəqin ki, təsəvvür edərsiniz.

Mən sizdən bir vətəndaş olaraq xahiş edirəm ki, istintaq və məhkəmə prosesinin yenidən qanunla, doğru-düzgün aparılması və mənə qarşı açılan qondarma cinayət işinə xitam verilməsi üçün tapşırıq verəsiniz,” Aslanov qeyd edir.

Jurnalistin həyat yoldaşı Gülmira Aslanovanın verdiyi məlumata görə, bu gün o DTX-nin istintaq təcridxanasından Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu zaman jurnalistin noutbukunun və Nar Mobile mobil rabitə operatorunun İnternet xidmətindən istifadə üçün alınmış əvvəlcədən ödəniş kartının ailəyə qaytarılması haqqında qərar qəbul edilib.

O, həmçinin qeyd edib ki, jurnalistin işi üzrə məhkəmə prosesi iki aylıq fasilədən sonra avqustun 6-da bərpa edilib.

“Prosesdə şahid qismində özünü “ictimai müdafiəçi” kimi qələmə verən Samir Zeynalov dinlənilib. Bu şəxs Poladın orduya çağırılmasından sonra dövlət orqanlarına müraciət üçün hüquqi yardımını təklif edib və hətta bir neçə dəfə yardım edib. Amma bir dəfə o, mənə saytda təxribat xarakterli material dərc etməyi təklif etdi, mən imtina etdim. Onda başa düşdüm ki, o, xüsusi xidmətlərin adamıdır. Bundan sonra o, məni təhqir etməyə başladı. Məhkəmədə isə dedi ki, Poladı həbs etməsəydilər o, “vətən xaini” kimi onu öldürərdi. Mən şahidin həyat yoldaşımın ünvanına hədələrinə etiraz etdim, amma hakim məni zaldan çıxardı,” Aslanova bildirib.

Rəsmi məlumat

Polad Aslanov ötən il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.

Polad Aslanov itthamları qəbul etmir

Polad Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra mətbuat nümayəndələri və fəallar Polad Aslanova qarşı "yalan ifadələr" veriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Polad Aslanova qarşı cinayət təqibini pisləyib.

XS
SM
MD
LG