"Bunun arxasında bilavasitə İlham Əliyevin qisasçılığı, hakim ailənin qisasçılığı, bilavasitə birinci vitse-prezident Mehriban Əliyevanın qisasçılığı dayanır və bu, hakim ailənin Yaqublulara qarşı, Yaqublu ailəsinin başçısına qarşı öz hakimiyyətlərini qoruyub saxlamaq, tənqidi səsləri boğmaq, müxalifəti əzmək istiqamətində qisasçılıq məhkəməsidir." - Cəmil Həsənli.
Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibədə Tofiq Yaqubluya qarşı çıxarılan həbs hökmünü şərh edib.
Əliyev idarəçiliyi dövründə məhkəmə ədalət orqanı olmaqdan çıxaraq cəza orqanına çevrilib.
Cəmil Həsənli Tofiq Yaqublunun həbsinin bilavasitə Milli Şuranın rəhbərliyində təmsil olunması ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Tofiq Yaqublu 19 oktyabr mitinqi ilə əlaqədar həbs olunanda ona ağır işgəncələr verilmişdi və tələb edilmişdi ki, Milli Şuranı tərk etsin və ona o zaman da xəbərdarlıq edilmişdi ki, o həbs olunacaq.
O, Tofiq Yaqublunun həbsi ilə bağlı heç bir əsasın olmadığını deyib.
“Tofiq Yaqublunun həbsinin sifarişçisi də, istintaqçısı da, hakimi də, prokuroru da bilavasitə İlham Əliyevdir,” o deyib.
Cəmil Həsənli Tofiq Yaqublunun İlham Əliyevin müxalifəti təhdid edən çıxışından üç gün sonra həbs olunduğunu qeyd edib.
O, istintaq prosesində Tofiq Yaqublunun telefonunun yaddaşının məhv edilməsinin, danışıqlar və videoların silinməsinin məhkəmə prosesinin qurama olması ilə bağlı olduğunu deyib, çünki onun sözlərinə görə, həmin video görüntülər və danışıqlarda hər şey açıq aşkar öz əskini tapmışdı.
Cəmil Həsənli zərərdidə Elxan Cəbrayılovun hakim ailəyə məxsus olduğunu bildirdiyi SilkWay Construction şirkətinin işçisi olduğunu deyib:
“Bu da onun göstəricisidir ki, artıq İlham Əliyev ailə şirkətləri vasitəsilə müxalifətin ən tanınmış, önəmli adamlarını törətmədikləri əməllərə görə uzun müddət həbsə göndərir.”
Cəmil Həsənli Tofiq Yaqublunu həbs etməyə əsasın olmadığını və bunun arxasında qisasçılığın dayandığını deyib.
“Bilavasitə İlham Əliyevin qisasçılığı, hakim ailənin qisasçılığı, bilavasitə birinci vitse-prezident Mehriban Əliyevanın qisasçılığı dayanır və bu, hakim ailənin Yaqublulara qarşı, Yaqublu ailəsinin başçısına qarşı öz hakimiyyətlərini qoruyub saxlamaq, tənqidi səsləri boğmaq, müxalifəti əzmək istiqamətində qisasçılıq məhkəməsidir,” Milli Şuranın sədri deyib.
“Əliyev idarəçiliyi dövründə məhkəmə ədalət orqanı olmaqdan çıxaraq cəza orqanına çevrilib,” deyən Cəmil Həsənli İlham əliyevin öz əleyhdarlarını həmin məhkəmə vasitəsilə cəzalandırdığını söyləyib.
O bildirib ki, onun ən çox şahidlərə və Tofiq Yaqubluya qarşı ifadə verən insanlara yazığı gəlir. “Onlar vəzifəli şəxs deyillər. Onlar niyə özlərini bu çirkaba batırırlar? Onlar sabah öz uşaqlarının, öz yaxınlarının, öz ailələrinə üzünə baxacaq?” o sual edib.
Bir qayda olaraq Azərbaycanın tanınmış şəxslərini, demokratik düşərgədə təmsil olunan siyasiləri, jurnalistləri, QHT təmsilcilərini həbs edir və sonra alver predmeti kimi istifadə edir.
Cəmil Həsənli həmin insanların, xüsusilə də bazarda xırda ticarətlə məşğul olanların müstəqil olmadıqlarını və bilavasitə polis orqanlarından asılı olduqlarını, ifadə verənlərin heç birinin hadisəni öz gözləri ilə görmədiklərini deyb.
Milli Şuranın sədri ölkə başçısının Qərb dünyasında hansısa istəklərinin və tələblərinin yerinə yetirilməsi məqsədilə öz vətəndaşlarını işgəncəyə məruz qoyduğunu, həbs etdiyini və daha sonra onlardan alver predmeti kimi istifadə etdiyini deyib.
“Bir qayda olaraq Azərbaycanın tanınmış şəxslərini, demokratik düşərgədə təmsil olunan siyasiləri, jurnalistləri, QHT təmsilcilərini həbs edir və sonra alver predmeti kimi istifadə edir.”
Cəmi Həsənli Tofiq Yaqublunun həbsdən azad olunması üçün bütün vasitələrdən istifadə olunmalı olduğunu söyləyib. O həmçinin hakimiyyətin koronavirusla bağlı karantin rejimindən siyasi məqsədlərlə sui-istifadə etdiyini deyib.
“Bu tipli məsələlərə qarşı ola biləcək etirazların qarşısını almaq üçün İlham Əliyev süni şəkildə COVID-ə yoluxma rəqəmlərini artırır və buna istinadən ölkədə sərt karantin rejimi tətbiq edir. Bu karantin rejiminin heç bir bioloji, heç bir tibbi əsası yoxdur və bilavasitə siyasi xarakterli karantin rejimidir,” o deyib.
Son olaraq Cəmil Həsənli Tofiq Yaqublunun azad edilməsinin ölkə əhalisinin iradəsindən, ona dəstəyindən keçdiyini vurğulayıb.