Milli fəal Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə daha əvvəl məhkum olduqları 6 aylıq həbs müddətini keçirmək üçün Təbrizin Mərkəzi Həbsxanasına göndəriliblər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, icra məmurları ata və oğulu iyunun 6-da Təbriz məhkəməsinin icra şöbəsində nəzarət altına alaraq həbsxanaya aparıblar.
Ata və oğul İsmayılzadələr 2019 may ayının 29-da İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumu tərəfindən saxlanılıb, 5 gün sorğu-sual edildikdən sonra 50 milyon tümənlik mülki zəmanət qarşılığında sərbəst buraxılmışdılar.
Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi küçən ilin avqust ayında iki türk fəalı 6 ay həbsə məhkum etdi. İsmayılzadələrin şikayətinə baxan Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi də daha sonra hökmün qüvvədə saxlanılmasına dair qərar çıxardı.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən surətini əldə etdiyi məhkəmə sənədinə istinadən ata və oğul “bölücü elanlar yayıb və ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq İran İslam Respublikasının müqəddəs nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittimahı ilə mühakimə ediliblər.
Cəfər İsmailzadə İran Kikboksinq Federasiyasının rəsmi hakim və məşqçisidir. Oğlu Milad İsmailzadə isə kikboksinq üzrə ölkə və beynəlxalq turnirlərində çempionluq medalları qazanıb.