Çex Respublikasında şənbə günü gündüz vaxtı insanlar Çexiya tarixinin ən pis kütləvi qətlinin qurbanlarının xatirəsini milli matən günü çərçivəsində bir dəqiqəlik sükutla yad ediblər.
Dövlət binalarında milli bayraqlar yarıya endirilib, gündüz 12-də zənglər çalınıb. Praqada, ölkənin ən böyük kilsəsi olan Müqəddəs Vitus kilsəsində qurbanlar üçün dini mərasim keçirilib. Prezident Pyotr Pavel və parlamentin hər iki palatasının spikeri hər kəsə açıq olan mərasimdə iştirak ediblər.
“Biz hamımız hələ də şokdayıq,” Praqdanın arxiyepiskopu Yan Qraubner deyib. “Aydındır ki, biz baş verənləri qınamalıyıq, amma biz həm də gələcəyə baxmalıyıq.”
“Heç kəs bu çətin zamanlarda yalnız qalmamalıdır,” Çarlz Universitetinin rektoru Milena Kralikova xidmətin sonuna doğru etdiyi çıxışında deyib. Cümə axşamı universitetin incəsənət fakültəsində baş verən atışmada 14 nəfər həlak olub.
Başqa şəhər və kəndlərdə də bənzər dini xidmətlər keçirilib, bir çox yerdə Milad yarmarkaları bağlanıb və ya onların proqramları azaldılıb, təhlükəsizlik tədbirləri isə gücləndirilib.
Çexiya paytaxtının mərkəzindəki universitetdə atışma nəticəsində həmçinin 25 nəfər yaralanıb, silahlı şəxs isə daha sonra özünü öldürüb. Polis və prokurorlar deyir ki, onlarda 24 yaşlı silahlının bundan öncə həmin gün atasını, ötən həftə isə Praqada bir kişi və körpəni öldürdüyünə dair dəlil var.
Öldürülən 14 nəfərin adları tədricən ictimaiyyətə açıqlanır. Universitet ölənlər arasında iki işçinin, o cümlədən Musiqi Elmləri İnstitutunun rəhbəri Lenka Hlavkovanın olduğunu bildirib. Lidove noviny qəzeti isə bir digərinin nəşrdə işləyən Lucie Spindlerova olduğunu bildirib.
Silahlı şəxs çexiyalı və incəsənət fakültəsinin tələbəsi olub. Müstəntiqlər hər hansı ekstremist ideologiya və ya qruplarla əlaqədən şübhələnmirlər. Rəsmilər onun tək hərəkət etdiyinə inandıqlarını bildiriblər. Onun motivi hələ aydın deyil.
Forum