İctimai Palata aprelin 17-si saat 16-dan 18-dək Bakıda Nərimanov kinoteatrının qarşısındakı meydanda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Musavat.com saytının məlumatına görə, hakimiyyət İctimai Palatanın mitinq müraciətinə mənfi cavab versə, sanksiyalaşdırılmamış aksiya Fəvvarələr meydanında deyil, Sahil metro stansiyasının qarşısındakı Sahil bağında keçirilməsi qərara alınıb. İctimai Palatanın Koordinasiya Şurası dünən keçirilən iclasında bildirilib ki, Fəvvarələr meydanı ətrafında çoxlu ticarət, iaşə müəssisəsi var və hakimiyyət müxalifətin aksiyasında təxribatçılar vasitəsilə həmin müəssisələrin şüşələrinin sındırılmasına nail olur. “Sonra da bu təxribatı mitinqçilərin üzərinə atırlar. İctimai Palatanın Koordinasiya Şurası əhaliyə ziyan vurulmasını istəmir. Ona görə də qərara alındı ki, hakimiyyət istədiyimiz meydanı verməyəcəyi halda aksiya Sahil bağında keçirilsin”.
Koordinasiya Şurası siyasi mövqeyinə görə tələbələrin ali məktəblərdən qovulması faktlarını pisləyib. “Siyasi mövqeyinə görə ali məktəblərdən qovulan tələbələrin, xüsusilə də Tural Abbaslının və Cavid Mehrəliyevin təhsilini Avropada davam etdirməsi ilə bağlı danışıqlar gedir”.
Koordinasiya Şurası İctimai Palatanın diasporla əlaqələr qurması barədə də qərar qəbul edib və Müsavat Məclisinin sədri Arzu Səmədbəylinin rəhbərliyi ilə işçi qrup yaradıb.
Toplantıda şura “Azadlıq” qəzetinin əməkdaşlarına qarşı təzyiqləri də pisləyib və bəyanat qəbul edib.