Müxalifətdə olan siyasi partiyaları, ziyalıları, ictimai xadimləri, keçmiş deputatlığa namizədləri birləşdirən İctimai Palata aprelin 17-də saat 16-dan 18-dək Bakının mərkəzində Sahil bağında sanksiyalaşdırılmamış mitinq keçirəcəyini elan edib. Mitinq Komitəsi hazırlıq işlərinin başa çatdığını və müxalifət liderləri mitinqdə çoxsaylı insanın iştirak edəcəyini bildirib.
İctimai Palata mitinqin Nərimanov kinoteatrının qarşısındakı meydanda keçirilməsi ilə bağlı Bakı meriyasına məktub ünvanlayıb. Meriya isə mitinqin yalnız Bakının 20-ci sahə adlandırılan yaşayış massivindəki sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini məsləhət bilib. İctimai Palata rəhbərləri alternativ yerlərin müzakirəsi üçün Bakı meriyasına müraciət etsə də, meriya təklifi qəbul etməyib. Beləliklə, müxalifət əvvəlcədən elan etdiyi kimi icazə verilmədiyi təqdirdə mitinqin Sahil bağında keçiriləcəyini elan edib.
Aprelin 16-da mitinq komitəsinin üzvləri Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək hüquq-mühafizə orqanları tərəfindən xəbərdarlıq edilib. Hüquq mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, sanksiyalaşdırılmamış aksiyanın qarşısı alınacaq və baş verənlərə görə təşkilatçılar məsuliyyət daşıyacaq.
Mitinq Komitəsinin üzvləri isə hüquq mühafizə orqanlarına xatırladıb ki, sərbəst toplaşmaq hüququ hər bir vətəndaşın konstitusion hüququdur və heç bir orqan bu hüququ məhdudlaşdıra bilməz. “Bu səbəbdən də baş verə biləcək hadisələrə görə hüquq mühafizə orqanları məsuliyyət daşıyacaq. Çünki, bu orqanlar vətəndaşların təhlükəsizliyinə görə məsuliyyət daşıyır”, - deyə mitinq komitəsindən Amerikanın Səsi radiosuna bildirilib.
Mitinq Komitəsinin məlumatına görə, bu gün çoxsaylı müxalifət fəalları polis tərəfindən xəbərdarlıq edilib.
Eyni zamanda, 17 apreldə keçiriləcək mitinq öncəsi aprelin 15-də müxalifətdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və aprelin 16-da AXCP sədri Əli Kərimli Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək aprelin 2-də keçirilmiş mitinqlə bağlı qaldırılmış cinayət işinə görə 7 saatdan 9 saatadək istintaq orqanı tərəfindən dindirilib. Hər iki lider dindirildikdən sonra, 17 apreldə mitinqin yüksək fəallıqla keçiriləcəyini bildirib. “Bu hakimiyyət bizim hər birimizi həbs edə bilər. Lakin hakimiyyət hamımızı, bu iqtidardan narazı olan insanların hamısını həbs edə bilməz. Gerçəklik bundan ibarətdir”, - deyə Müsavat Partiyasının başqanı İsa Qəmbər bəyan edib.
Öz növbəsində, Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyanda baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev APA agentliyinə bildirib ki, faktla bağlı aprelin 2-də Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233 və 315.1-ci maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb. “İstintaq zamanı 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub, o cümlədən 9 şəxsə Cinayət Məcəlləsinin 233-cü maddəsi, 2 şəxsə isə həmin məcəllənin 233 və 315.1-ci maddələri ilə ittiham elan olunmaqla, onlardan 10 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət məsuliyyətinə cəlb olunanlardan 6 nəfəri AXCP-nin, 4 nəfəri Müsavat Partiyasının üzvü, 1 nəfər isə bitərəfdir”.
İctimai Palata cinayət işinin siyasi sifariş olduğunu bəyan edib. “Bu narazı insanlarda qorxu yaratmaq məqsədi daşıyır. Ancaq, hər hansı qorxu, hədə Azərbaycan vətəndaşını demokratik islahatlar uğrunda mübarizədən çəkindirə bilməz”, - deyə Müsavat başqanının müavini Tofiq Yaqublu Amerikanın Səsi radiosuna bildirib.
Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də Astarada ictimaiyyət nümayəndələri ilə görüşündə müxalifətin tarixin arxivinə atıldığını bildirib. “O adamlar artıq tarixin arxivindədir. Sadəcə, vaxtaşırı hər hansı bir ölkədə baş verən bir hadisə bunları da nisbətən canlandırır, ruhlandırır. Biz bunu 2005-ci ildə görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da bir növ hərəkətə gətirmişdi. O vaxt da onlar kiminsə təcrübəsini yamsılamaqla məşğul idilər. Narıncı lentləri, bantları biz yaxşı xatırlayırıq. O vaxt da həmin cəhdlər iflasa uğradı. Çünki Azərbaycan xalqı onların hərəkətlərini dəstəkləmədi. Bu dəfə də bu məsələ ilə bağlı danışmağa ehtiyac yoxdur. Çünki Azərbaycan dövləti o qədər güclüdür, Azərbaycanda ictimai-siyasi sabitlik o qədər möhkəmdir ki, bizim işimizə mane olmaq, Azərbaycanın uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə Azərbaycan xalqı çoxdan yox deyib!”
Dövlət başçısı mitinqə cəhd edən siyasi partiyalara işarə edərək onları antimilli qüvvələr adlandırıb. Eyni zamanda, prezident hesab edir ki, iqtidar-müxalifət münasibətləri həllini tapmalıdır. “Bilirsiniz, iqtidar-müxalifət münasibətləri normal müstəvidə öz həllini tapmalıdır. Bu münasibətlər əslində lazımdır. Hər bir inkişaf etmiş ölkədə bu münasibətlər normal qaydada tənzimlənir. Baxmayaraq ki, ölkəmiz 20 ildir müstəqil həyat yaşayır və böyük yol keçib, əfsuslar olsun ki, Azərbaycanda bu sahədə vəziyyət normal deyil. Ancaq yenə də deyirəm, bu işlərə, bu cəhdlərə nə biz, nə də Azərbaycan cəmiyyəti əhəmiyyət verir. Biz öz yolumuzla gedirik və gedəcəyik. Heç kim bizə mane ola bilməz. Nə ölkə daxilindəki bu qüvvələr, bir qrup adam, nə də ölkənin kənarında olan dairələr. Çünki bizim yolumuz inkişaf və ədalət yoludur”, - deyə o qeyd edib.