Accessibility links

Məhkəmə Cəlilabad rayonun keçmiş icra başçısını 12 il azadlıqdan məhrum edib


Məhkəmə
Məhkəmə

Hazırda həbsdə olan Cəlilabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı Namiq Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə iyulun 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Zeynalovun vəkilləri o zaman prokurorla razılaşmamışdı.

Hökm barədə keçmiş başçıdan və onun vəkilindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Namiq Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəməkdə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

Ümumilikdə hüquq mühafizə orqanları son illərdə bir neçə rayonda icra hakimiyyətlərinin binasında əməliyyatlar keçirib. Artıq beş rayonun (Akstafa, Yevlax, Biləsuvar, Neftçala və İmişli) icra hakimiyyəti başçıları olmuş şəxslərin hamısına təkrar rüşvət almaq, vəzifədən sui-istifadə və mənimsəmə ittihamı irəli sürülüb.

Prezident İlham Əliyev icra strukturlarında qanunazidd hərəkətlərə yol verənlərə qarşı bundan sonra da əməliyyatlar keçiriləcəyini istisna etməyib.

Azərbaycanda bir sıra ictimai xadimlər, hüquq müdafiəçiləri bu əməliyyatları islahatın imitasiyası kimi dəyərləndirir.

XS
SM
MD
LG