Accessibility links

Son həftədə Azərbaycanda koronavirusa yoluxma 48 faiz artıb - rəsmilər deyir


Azərbaycanda koronavirus
Azərbaycanda koronavirus

Son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

Rəsmi qurumların birgə məlumatında deyilir ki, yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər.

“Risk qrupuna daxil olan vətəndaşlara sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri, koronavirusun əlamətlərini hiss etdikdə ilk növbədə sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur” deyə məlumatda qeyd edilir.

Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırır.

Bundan əlavə rəsmi qurumlar, vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasını tövsiyə edir.

Xatırlatma

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.

Bununla yanaşı, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilib:

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;

- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.

XS
SM
MD
LG