Corc Herbert Uolker Buşun ailəsi cümə axşamı Hyustonda keçirilən özəl cənazə mərasimi zamanı 41-ci prezidentə son ehtiramlarını bildirəcək.
Mərhum prezidentin cənazəsi çərşənbə Vaşinqtondan Hyustonda St. Martin Episkopal Kilsəsinə aparılıb. Orada ictimiyyət üzvləri bayrağa bürünmüş tabutu görmək və prezidentə son ehtiramlarını bildirmək üçün kilsəyə daxil olub.
Bundan əvvəl isə çərşənbə hazırda həyatda olan beş Amerika prezidenti Vaşiqntonda Milli Kafedralında Texasda 94 yaşında vəfat edən prezident Buşun rəsmi cənazə mərasimində iştirak edib.
Prezident Donald Trampla yanaşı sabiq prezidentlər Cimmi Karter, Bill Klinton və Barak Obama Corc Herbet Uolker Buşun oğlu, 43-cü prezident Corc Buşun atası haqda çıxışını dinləyib.
Corc Buş atanın istəyinə müvafiq olaraq mərasim zamanı prezident Tramp çıxış etməyib.
Tramp çərşənbə gününü milli matəm günü elan edib, federal idarələrin bağlanmasına, poçt xidmətlərinin dayandırılmasına, fond birjasının da bağlanmasına dair sərəncam vermişdi.
Cümə axşamı keçiriləcək özəl vida mərasimindən sonra prezidentin cəsədi xüsusi qatarla Texas A&M Universitetinə, prezident kitabxanası və muzeyinə aparılacaq. Orada o, bu ilin aprelində vəfat etmiş həyat yoldaşı Barbara Buş və 1953-cü ildə üç yaşında vəfat etmiş qızları Robinin dəfn edildiyi yerdə torpağa tapşırılacaq.