Accessibility links

Konqres Federal Təhqiqat Bürosuna Boston hücumları ilə bağlı suallar verəcək



ABŞ qanunvericiləri Federal Təhqiqat Bürosunun yüksək səviyyəli rəsmilərinə Bostonda bomba hücumlarını törətməkdə şübhəli bilinən Tamerlan Tsarnayevin keçən il Rusiyanın Dağıstan və Çeçenistan respublikalarında altı ay qalması ilə əlaqədar dindirilməsindən sonra məlumatlardan düzgün istifadə edilib-edilmədiyi ilə bağlı suallar verəcək.

Rusiya rəsmiləri Federal Təhqiqat Bürosuna keçən həftə Boston polisi ilə atışma zamanı öldürülmüş 26 yaşlı Tamerlan Tsarnayevin ekstremistlərlə bağlı olduğuna dair məlumat vermişdi. Lakin Təhqiqat Bürosu onun potensial təhlükə yaratdığını müəyyən edə bilməmişdir.

Senatın Kəşfiyyat Komitəsinin sədri senator Dayan Faynşteyn deyib ki, komitənin heyəti bağlı qapılar arxasında keçiriləcək dinləmələr zamanı məsələləri saf-şürük edəcək. Təhlükəsizlik orqanlarının rəsmiləri bu gün Konqresin Nümayəndələr Palatasını da məlumatlandırıb. Bu həftə ərzində onların Senatın tam tərkibdə iclasında da sualları cavablandıracağı gözlənilir.

Tamerlan Tsarnayevin kiçik qardaşı Cövhərə qarşı keçən həftə dörd nəfərin ölümü, 170 nəfərin yaralanması ilə nəticələnmiş bomba hücumları ilə əlaqədar kütləvi qırğın silahlarından istifadə etmək ittihamı irəli sürülsə, onun haqqında ölüm hökmü çıxarıla bilər.

Bir neçə yerdən aldığı güllə yarası alan Cövhər Tsarnayevin vəziyyəti getdikcə düzəlir. O, mayın 30-da məhkəmə qarşısına çıxarılmalıdır.

ABŞ rəsmiləri Tsarnayev qardaşlarının böyük terror şəbəkəsi ilə əlaqədar olmayıb təkbaşına hərəkət etdiyinə inanır. Rəsmilər hələlik hücumun motivləri ilə əlaqəda məlumata malik deyillər.

Boston bomba hücumlarında şübhəli bilinən çeçen mənşəli Tamerlan və Cövhər Tsarnayev qardaşları Birləşmiş Ştatlara uşaq yaşlarında mühacirət etmişdilər.
XS
SM
MD
LG