CNN-in verdiyi məlumata görə, sursat üzrə ekspertlər deyir ki, bu yaxınlarda Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməndə uşaqlarla dolu avtobusa hücumu zamanı ABŞ istehsalı olan bombadan istifadə olunub. Həmin hücum nəticəsində 40 uşaq daxil olmaqla 51 nəfər ölüb.
CNN cümə günü bildirib ki, ekspertlər hücumda istifadə olunan bombanı hadisədən qısa müddət sonra qəlpə hissəsinin şəkillərindən müəyyən edib.
CNN-ə əsasən, qəlpənin üzərindəki rəqəm partlayıcının ABŞ-ın Lockheed Martin şirkətinin istehsal etdiyi 227 kiloqramlıq lazerlə idarə olunan MK 82 bombası olduğuna işarə edib.
Hücum nəticəsində 79 nəfər xəsarət alıb, onların 56-sı uşaqdır.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın sözçüsü bu ayın əvvəli hücumda bazardakı Husi üsyançılarının hədəf alındığını və hücumun beynəlxalq və humanitar qanunlar çərçivəsində həyata keçirildiyini bildirib.
ABŞ prezidenti Barak Obama 2016-cı ildə dəqiq silahların Səuddiyə Ərəbistanına satışına qadağa tətbiq etmişdi. Bunda səbəb Səuddiyə Ərəbistanının bir digər ölümcül hücumda bənəzr bombadan istifadə etməsi idi.
Lakin Tramp administrasiyası ötən il bu qadağanı aradan qaldırıb.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarının sözçüsü Liz Trossel avqustun 9-da avtobusa hücumdan sonra deyib ki, “zorakılıqlarda iştirak etməyən mülki vətəndaşları və ya mülki obyektləri hədəf alan hər bir hücum müharibə cinayətinə bərabərdir”.
O söyləyib ki, hücumu həyata keçirənlər müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır.