CNN tele-kanalı Ağ Evdəki müxbiri Cim Akostanın akkreditiyasının bərpa edilməsi məqsədilə Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
Tele-kanal Vaşinqton şəhərində ABŞ-ın dairə məhkəməsinə müraciət edib.
“Akkreditasiyanın alınması CNN və Cim Akostanın birinci Düzəlişə əsasən mətbuat azadlığına dair hüquqları və Beşinci Düzəlişə əsasən müvafiq prosedur hüququnun pozulmasıdır. Biz məhkəmədən Cimin akkreditasiyasının qaytarılması tələbilə qərar verməsini istəmişik və bu prosesin bir hissəsi olaraq daimi həll axtarılmasına çalışacağıq”-deyə CNN tele-şirkətinin bəyanatında bildirilir.
Cim Akosta CNN-in ən tanınmış müxbirlərindən biridir. O, prezident Donald Tramp və Ağ Evin yüksək səviyyəli rəsmilərinə kəskin sualları ilə tanınır.
Tramp administrasiyası Akostanın Ağ Evdə akkreditasiyasını keçən həftə ləğv edib. Bu addım Akostanın Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Trampın Mərkəzi Amerika ölkələrindən gələn miqrant karvanını “işğal” kimi təsvir etməsinə tənqidi münasibət bildirməsindən sonra atılıb.
Birləşmiş Ştatlar prezidenti onun haqqında məlumat verən kişi və qadınları özbaşına seçməklə məşğul olmamalıdır.Ağ Evin Müxbirlər Assosiasiyasının prezidenti Oliver Noks
Ağ Ev rəsmiləri həmçinin Akostanı prezidentlə mübahisə zamanı mikrofonu ondan almağa çalışan təcrübəçinin "əlinə toxunmaqda" ittiham edib. Video görüntülərdə Akostanın təcrübəçi ilə aqressiv davranmadığı göstərilir.
Ağ Evin Müxbirlər Assosiasiyası çərşənbə axşamı CNN-in öz müxbirinin akkreditasiyasının bərpasına çalışmasına dəstək bildirib. Assosiasiyanın bildirdiyinə görə, “Ağ Ev müxbirin akkrediyasiyasını ümumiyyətlə əlindən almamalı idi”.
“Birləşmiş Ştatlar prezidenti onun haqqında məlumat verən kişi və qadınları özbaşına seçməklə məşğul olmamalıdır”-deyə, Ağ Evin Müxbirlər Assosiasiyasının prezidenti Oliver Noks bildirib.
Ağ Evin mətbuat katibi Sara Sanders məhkəmə işini rədd edib və Ağ Evin Akostanın akkreditasiyasının ləğvi qərarını müdafiə etdiyini deyib.
“Cənab Akosta prezidentə iki sual verdikdən sonra-prezident hər ikisinə cavab verib-o başqa müxbirlərin də öz suallarını verməsi üçün mikrofonu Ağ Evin təcrübəçisinə verməkdən imtina edib. Bu, ilk dəfə deyil ki, həmin müxbir o biri jurnalistlərə imkan vermir”-deyə Sara Sanders bildirib.
2015-ci ildə siyasi səhnəyə gəldikdən bəri Tramp ona qarşı ədalətsiz saydığı müxbirlər və media qurumlarına sözdə hücumlar edir. O hətta bəzi media qurumları haqda danışarkən onları “xalqın düşmənləri” adlandırır.