Accessibility links

Hillari Klinton yeni kitab yazır


ABŞ-ın ən güclü dövlət katiblərindən biri kimi yadda qalan Hillari Klintonun yeni kitabı dünya siyasəti və Amerikanın qlobal rolu məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton yeni kitab üzərində işləyir. Memuar şəklində yazılan kitabda xanım Klinton dövlət katibi olduğu illər haqda xatirələri ilə yanaşı, 21-ci əsrin sınaqlarına cavab verilməsi yolları haqda fikirləri ilə bölüşəcək.

Keçmiş dövlət katibinin yeni kitabı Simon & Schuster nəşriyyat evi tərəfindən çap ediləcək. Nəşriyyat evinin verdiyi bəyanatda kitabın dünya siyasəti və Amerikanın dünyada rolu məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulduğu deyilir. Simon & Schuster nəşriyyat evinə əsasən, yeni kitabda Hillari Klinton Usama Bin Ladenin öldürülməsi əməliyyatı və Ərəb Baharından tutmuş, Amerika-Çin münasibətləri və qlobal iqlim dəyişikliyi kimi məsələlərdən bəhs edəcək və Birləşmiş Ştatların dünyada təhlükəsizlik və tərəqqiyə nail olmaq, habelə dünyada liderliyini saxlamaq üçün səyləri ilə bağlı baxışları ilə bölüşəcək. Xanım Klinton eyni zamanda kitabda prezident Barak Obama və öz komandasının üzvləri ilə işi və dünya liderləri ilə görüşləri zamanı maraqlı hadisələrdən bəhs edəcək.

ABŞ-ın ən güclü dövlət katiblərindən biri kimi yadda qalan Hillari Klinton artıq kitab üzərində intensiv işə başlayıb. Kitab iyun ayında çapdan çıxandan sonra xanım Klintonun ABŞ-ın ştat və şəhərlərində onun imzalama mərasimlərini keçirəcəyi gözlənilir. Kitabı ölkədə yaymaq məqsədilə tura çıxacaq xanım Klinton diqqət mərkəzində olacaq, belə ki media və ictimaiyyət onun növbəti prezident seçkilərinə qatıla biləcəyinə dair işarələrin olub-olmadığını izləyəcək.

Bu ilin əvvəli vəzifəsindən gedən Hillari Klinton Obama administrasiyasının birinci dönəm hakimiyyəti dövrü ABŞ dövlət katibi olub. Rəy sorğuları onun 2016-cı ildə Demokrat partiyasından prezidentliyə əsas namizədlərdən biri olacağını göstərsə də, xanım Klinton hələlik prezidentlik uğrunda rəqabət aparacağına dair bir söz deməyib.
Hillari Klintonun bundan əvvəl “Yaşayan tarix” adlı kitabı da Simon & Schuster nəşriyyat evi tərəfindən çap edilmişdi. O zaman nəşriyyat ABŞ-ın birinci xanımına 8 milyon dollar məbləğində qonorar ödəmişdi. Kitab böyük populyarlıq qazanmış və onun bir milyondan artıq nüsxəsi satılmışdı.

Hillari Klıinton yeni kitabı ilə ABŞ-ın keçmiş dövlət katiblərinin ənənəsini davam etdirir. Ondan əvvəl ABŞ dövlət katibi olmuş Henri Kissincer, Madlen Olbrayt və Kondoliza Rays da kitab yazaraq, ictimaiyyətlə öz xatirələri ilə bölüşüblər.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG