Təcili yardım işçiləri bu həftə Çinin qərbində baş verən güclü zəlzələdən sonra yaralılara və evsiz qalanlara kömək etməyə çalışırlar. Ölkənin qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 791-ə çatıb. Çərşənbə axşamı baş verən və episenteri cənubi Çinqay vilayətində yerləşən Tibetin Yuşi dairəsində olan 6.9 bal gücündə zəlzələ zamanı yaralanan 11 min nəfərə həkimlər yardım göstərməyə çalışır. Zəlzələ binaların və yolların dağılması, rabitə və eletrik xətlərinin kəsilməsinə səbəb olub. Nəinki sağ qalanlar, hətta xilasedicilər belə soyuq hava və yüksəklik şəraitindən əziyyət çəkirlər. Zəlzələnin baş verdiyi region Tibet Yaylasında, dəniz səviyyəsindən 4000 metr yüksəklikdə yerləşir.
Tibet rahibləri də Ciequ şəhərində sağ qalma ehtimalı olanları dağıntı altından çıxarmaq üçün xilasedicilərə qoşulub. Prezident Hu Cintao Latın Amerikasına səfərini təxirə saldıqdan sonra Çinə qayıdır.