Accessibility links

2021-ci ilin dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə 56 milyon manat ayrılıb


2021-ci ilin dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi məlum olub.

Bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə 2021-ci ilin dövlət büdcəsində üst-üstə 56,0 milyon manat vəsait nəzərdə tutulub.

Öz növbəsində media üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə deyib ki, pulların ayrılmasından daha çox bunların effektiv işlənib-işlənməməsi və daha sonra hesabatlılığı önəmlidir.

Mən istərdim ki, bundan sonra heç olmasa dövlət bu media aspektində mediaya ayrılan pulların şəffaf xərclənməsinə dair hesabatları da yaysın.

"Bu il büdcədən 56,0 milyon manat vəsait ayırılması, belə deyək, keçən ilə nisbətən təxminən 4 milyon manatdan çox artıqdırsa da keçən il 51,9 milyon olmuşdur. Məsələ budur ki, Azərbaycanda ümumiyyətlə 2019-cu ildə bu rəqəm 60,6 milyon olmuşdur, 2018-ci ildə 58.2 milyon olmuşdur, 2017 ci ildə 56.7 milyon olmuşdur. Amma ən önəmli məqam odur ki, 2016-cı ildə 67 milyon, 2015-2014 ci illərdə də 66 milyon manat olmuşdur. 2015-2014 ci illərdə 66 milyon manat həm də 85 milyon dollar edirdi. Halbuki indi 56 milyon faktiki olaraq 32 milyon dollar edir. Yəni məsələnin mahiyyəti budur ki, 85.5 milyon dollarlardan 2015-ci ilə qədər ayrılan media vəsaiti indi 32.9 milyon dollara qədər enib. Hardasa iki dəfədən çox eniş var. Ümumi götürəndə əlbəttə, dövlət vəsaitlərinin effektiv xərclənməsi baxımından daha az vəsaitin daha səmərəli xərclənməsinə dəstək daha faydalı olar. Amma bu siyahıya baxanda biz görürük ki, burada məsələn 600 min manat “Mir” Dövlətlərarası Teleradio Şirkətinə verilir. Bunun heç bir effekti yoxdur. Çünki mən ara-sıra “Mir” Dövlətlərarası Teleradio Şirkətinin rusca bülletinlərini maşın sürərkən radioda dinləyirəm. Çox mənasız informasiyalar gedir Azərbaycanla bağlı. Belə bir mənasız məqam üçün 600 min pul xərclənməsi böyük israfdır. Eyni zamanda burada Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna xərclənmələr hardasa 4 milyon cıvarındadır. Eyni zamanda, Azərbaycanın dövlət sifarişlərini yerinə yetirilməsi üçün Azərbaycan nəşriyyatına 2 milyon manat ayrılıb. Azərbaycanın İctimai TV-yə 2milyon manat, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə birbaşa 33 milyon manat pul ayrılır. Bunlar əlbəttə böyük rəqəmlərdir. Bu pulların ayrılmasından daha çox bunların effektiv işlənib- işlənməməsi və daha sonra hesabatlılığı önəmlidir. Mən istərdim ki, bundan sonra heç olmasa dövlət bu media aspektində mediaya ayrılan pulların şəffaf xərclənməsinə dair hesabatları da yaysın. Məsələn AZTV 33 milyon manat alırsa, daha nə qədər reklamdan digər sponsor proqramlarından alır. Buna dair heç bir məlumat yoxdur. Necə xərclənir, buna dair heç bir məlumat yoxdur. Eyni zamanda İTV-nin bilirik ki, seçki dönəmlərində saniyələri min manatlarla ölçülən rəqəmlər müəyyən etmişdilər. Bunların çox sayda reklam gəlirləri var. Amma reklam gəlirləri heç bir halda, heç bir yerdə görünmür. Eyni zamanda, dövlət büdcəsindən ayrılan 12 milyon manatın da hansı formada xərcləndiyini göstərən hesabatlar yoxdur. Məncə buna yönəlik daha ciddi şəkildə şəffaflıq tələbləri artmalıdır və bu zəruridir. Dövlət büdcəsindən hər qəpiyi kifayət qədər çətin toplanan eyni zamanda başqa ehtiyaclar üçün xərclənmə ehtimalı olan vəsaitlərdir."

Onun fikrinə görə, bu gün müharibədən yeni çıxmış cəmiyyət üçün çox sayda əlilliyi olan, müharibə qazisilərinin ailə durumları var.

"Biz büdcəni məsələn bu 56 milyonu o istiqamətdə daha effektiv xərcələyə bilərdik. Deməli KİV-ə ayrılan vəsait də hansısa formada sosial xərcləmələrdən kəsilən xərclərdir. Bunu nəzarə almaq lazımdır və vacibdir. Bunun hesabtlılığının şəffaflığının maksimum qorunması zəruridir," ekspert qeyd edib.

XS
SM
MD
LG