Accessibility links

2021-ci ildə Azərbaycanda 5 ton 880 kiloqram 982 qram narkotik vasitə dövriyyədən çıxarılıb


İrandan gətirilən narkotik
İrandan gətirilən narkotik

2021-ci ilin 10 ayı ərzində Azərbaycanda hüquq mühafizə orqanları tərəfindən narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 7484 cinayət faktı aşkarlanıb.

Onlardan 2787-si narkotik vasitələrin qanunsuz satışı, 4230-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 372-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Bu barədə Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Komissiya bildirir ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 5 ton 880 kiloqram 982 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 606 kiloqram 80 qramını heroin, 1 ton 153 kiloqram 841 qramını marixuana, 1 ton 297 kiloqram 331 qramını tiryək, 71 kiloqram 954 qramını həşiş, 89,679 qramını kokain, 550 kiloqram 974 qramını psixotrop maddələr, 200 kiloqram 713 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 10 331 ədəd metadon və 46 966 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Müvafiq dövr ərzində 782 469 hektar sahədən çəkisi 173 ton 370 kiloqram olan 430 716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i Pakistan vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kiloqram və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 286 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 892 kiloqram 692.826 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb. Eyni zamanda qrup halında törədilən 328 fakt üzrə 1 ton 672 kiloqram müxtəlif növ narkotik vasitə və 13 766 ədəd psixotrop maddə qanunsuz dövriyyədən götürülüb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir.

Bunlar, İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutlarıdır.

Komissiya bildirir ki, ölkədə bu marşrutlar ilə narkotiklərin daşınması halları aşkar edilib, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.

“Sözsüz ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda və digər tranzit ölkələrində satılır,” dövlət komissiyası qeyd edir.

Viza Hüquq Firmasının rəhbəri Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində bildirib ki, son dövrlər narkomaniya Azərbaycanda geniş vüsət alıb. Hüquqşünas bir sıra hallarda Bakı şəhərində bəzi apteklərdə narkotik tərkibli həblərin qanunsuz satışı barədə videolar yayıb. O, ölkədə narkotiklərə qarşı hüquq mühafizə orqanları ilə yanaşı ictimayyətin də mübarizə aparmasının vacibliyini qeyd edib.

“Son zamanlar Daxili İşlər Nazirliyi bu sahədə müsbət iş aparır. Amma, digər orqanların adı bu mübarizədə çəkilmir. Əgər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq işlərini atıb yalnız narkotiklə mübarizə aparsa belə, ictimaiyyət kənarda qalsa, bu, effektsiz olacaq. Burada həm güc strukturları öz işlərini görməlidir, həm də Azərbaycan vətəndaşları təhlükənin miqyasını anlamalı və kömək etməlidir. Mən bu təhlükənin miqyasını bildiyimdən deyirəm ki, narkomaniya təhlükəsi Vətən müharibəsi təhlükəsindən az əhəmiyyət kəsb etmir. Ona görə də vətəndaşlar bu təhlükəyə qarşı da Vətən müharibəsindəki qədər fəal olmalıdır,” o qeyd edib.

Hüquq müdafiəçisi Asif Yusifli uzun müddət ölkənin həbsxanalarında cəza çəkib. Onun sözlərinə görə, həbsdə olan insanların 30-40 faizi narkomaniya ittihamı ilə həbs olunub.

“Mən saxlanıldığım 16 saylı Cəzaçəkmə Müəssisəsində 900 nəfər var idi. Onların 300-400 nəfəri narkotik ittihamı ilə həbs edilmişdi. Mən Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında, 6 saylı Cəzaçəkmə Müəssisəsində də olmuşam. Cəzaçəkmə müəssisələrində ən çox rast gəlinən iki ittiham var,-narkotik və oğurluq. Amma, narkotik ittihamı tam çoxluq təşkil edir. Bir sözlə, bütün cəzaçəkmə müəssisələrində saxlanılan insanlara irəli sürülən ittihamlar arasında birinci yerdə olan ittiham narkotiklə bağlıdır. Bu ittiham o qədər çoxdur ki, məhbuslar arasında “milli ittiham” deyirlər."

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

XS
SM
MD
LG