2021-ci il sosial-iqtisadi baxımdan hökumət üçün pozitiv, əhali üçün neqativ olub. Real inflyasiya fonunda əhalinin gəlirləri azalıb. Hökumətin iqtisadiyatın liberallaşdırılması istiqamətində addımlarına baxmayaraq, korrupsiya, inhisarçılıq, kölgə iqtisadiyyatı qalmaqdadır.
Müstəqil ekspertlər 2021-ci ilin sosial-iqtisadi yekunlarını Amerikanın Səsinə belə xarakterizə edib.
Öz növbəsində, Azərbaycan hökuməti sürətli iqtisadi inkişafın olduğunu, əhalinin gəlirlərinin artdığını bildirir.
Prezident İlham Əliyev noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında deyib ki, ölkədə yoxsulluq və işsizlik səviyyəsi 6 faizə enib.
Sosial-iqtisadi məsələlər üzrə ekspert Rəşad Həsənov isə hesab edir ki, 2021-ci il hökumət üçün şanslı il olsa da, əhali üçün şanssız olub.
O, iqtisadiyyatda müsbət tendensiyalardan danışıb.
İqtisadçı Natiq Cəfərli deyib ki, 2021-ci ilin sonunda ümumi daxili məhsulun 4,5 faiz artımı gözlənilir.
Cəfərli iqtisadi-sosial baxımdan mənfi cəhət kimi infilyasiyanı qeyd edib. Ekspertin fikrincə, bu il Azərbaycan əhalisinin gəlirləri təqribən 8 fazi azalıb.
Ekspert Rəşad Həsənov iqtisadi-sosial problemlərdən danışarkən deyib ki, fundamental islahatlarla bağlı hələ siyasi qərar qəbul edilməyib.
Prezident İlham Əliyev isə əksini deyir. Onun dediyinə görə, ölkə iqtisadiyyatına investisiyanın cəlbi artmaqda davam edir.
Bu arada Natiq Cəfərli deyib ki, iqtisadiyyatda mənfi tendensiya yaradan cəhətlər məmur biznesi, inhisarçılıq, rəqabətsizlik şəraitidir.
Cəfərlinin qənatəincə, 2019-cu ildən başlayaraq ölkədə mövcud olan 60-65 faiz kölgə iqtisadiyyatı azalmaqda davam edir.
Rəşad Həsənov da hesab edir ki, məmur biznesi, gizli iqtisadiyyat sahasində problemlər qalmaqdadır. Bununla yanaşı, 2019-cu ildən bu sahədə liberallaşma hiss edilir.
Ekspertlər ölkədə qiymət artımının daha da sürətlənəcəyini düşünür. Natiq Cəfərlinin fikrincə, hökumət qiymət artımını sürətləndirən tədbirlər həyata keçirir.
Rəşad Həsənov bildirib ki, inflyasiya fonunda əhalinin gəlirləri və pensiyaçıların sayı azalıb. Onun fikrincə, real infilyasia 10 faizin üzərindədir.
Ekspertlər iqtisadi sahədə islahatların dərinləşdirilməsi üçün idarəetmənin təkmilləşdirilməsini, azad məhkəmə sisteminin yaradılmasını vacib sayır.
Rəşad Həsənov hesab edir ki, ölkədə siyasi islahatlar, məhkəmə islahatları olmadan iqtisadi-sosial islahatlar aparmaq mümkün deyil.