Çinə gələn turistlərin sayı ölkənin mart ayında xarici ziyarətçilərə tam şəkildə açılmasına baxmayaraq, koronavirus pandemiyasından əvvəlki səviyyənin yalnız bir hissəsini təşkil edir.
Çin dövlət televiziyası bu yaxınlarda yayımında ölkədə daxili turizmin artdığının bildirib.
Lakin turistlər arasında xaricilər azdır. Rəsmi rəqəmlər göstərib ki, Şanxayda xarici ziyarətçilərin sayı 2019-cu il, pandemiyadan əvvəlki səviyyənin yalnız dörddə birini təşkil edir.
Çinin "Sıfır-COVID" siyasəti ölkəni bu ilin mart ayına qədər xarici turistlər üçün bağlamışdı.
Londonda yerləşən "Wendy Wu Tours" Asiya turları üçün aparıcı operatordur. Onun təsisçisi deyir ki, Çinə səfərlər üçün müştəri tələbi pandemiyadan əvvəlki səviyyələrin 35-40 faizini təşkil edir. Vendi Vu: "İnsanlar düşünür ki, pandemiya necə olacaq? O zaman çox ciddi karantin var idi. Məni də karantinə salacaqlarmı? Əlbəttə ki, yox. Amma insanlar bundan narahatdırlar. Bəzən siyasi səbəblərə görə - Çin və Qərb arasında münasibətlərdə o qədər də mehribanlıq hiss edilmir və bu, şübhəsiz ki, müştərilərin getmək və ya getməməklə bağlı qərarına təsir edir."
Lakin Vu israr edir ki, xarici turistlər Çində yaxşı qarşılanacaq. "Bildiyiniz kimi, pandemiyadan əvvəl çox sayda turist, çox sayda xarici qonaq var idi və siz yüz minlərlə insandan biri idiniz. Amma indi onların sayı çox az olduğu üçün onlardan getdikləri yerdə şəkil çəkdirmələri xahiş olunur və onlarla 30 il əvvəl olduğu kimi məşhurlar kimi davranırlar. Bu, inanılmazdır."
Çin pandemiyadan əvvəl Yaponiyadan olan turistlər və iş adamları üçün əsas istiqamətlərdən biri idi. “JTB Tourism Research & Consulting” şirkətindən Yoko Hayano deyir ki, ada ölkəsindən də buraya turizm bərpa olmayıb. "Koronavirus pandemiyasından bəri hava yolları hələ də bərpa olunmayıb. [Çinə] gedən aviaşirkətlərin oturacaqlarının sayı 2019-cu illə müqayisədə hələ də cəmi 30% təşkil edir, buna görə bunun da böyük təsir var".
Bu arada, Yaponiya xarici turizmdə xeyli artım yaşayır. Yoko Hayano: "Çindən Yaponiyaya gələn turistlərin sayı sürətlə artır, buna görə də Yapon təyyarələrində boş oturacaq daha azdır."
Çin ölkəyə turizmi canlandırmağa çalışır. Pekin və Vaşinqton oktyabrın sonundan etibarən birbaşa sərnişin reyslərinin sayını iki dəfə artıraraq, həftədə 24-ə çatdırmaq barədə razılığa gəlib.
Forum