ABŞ-ın cənub-qərbdəki Texas ştatında bir şəxs ibtidai siniflərin olduğu məktəbə hücum edərək azı 19 uşaq və 2 yetkini öldürüb. Bu, ölkə tarixinə ən tələfatlı kütləvi hücumlardan biridir.
Hücum Uvalde şəhərində baş verib. Rəsmilərin dediyinə görə, 18 yaşlı silahlı şəxs ilk öncə nənəsini güllələyib, daha sonra sürdüyü maşını məktəb yaxınlığında divara çırpıb, daha sonra məktəbə daxil olaraq oradakı insanları güllələyib. Silahlı şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.
Texasın İctimai Təhlükəsizlik Departamentinin serjantı Erik Estrada CNN-ə bildirib ki, zabitlər bədən zirehi geyinmiş silahlı şəxsin divara çırpılan maşından əlində tüfənglə çıxdığını görüblər, zabitlər onun "qarşısını almağa çalışıb," amma o yenə də məktəbə daxil ola bilib.
Hücumdan sonrakı xaotik dəqiqələr və saatlarda qırğının miqyası bəlli olmayıb, bəzi yaralılar yerli xəstəxanalara aparılıb, ölən və yaralıların dəqiq sayını təsdiqləmək çətin olub.
Lidia Martinez Delqado Facebook-da yazıb ki, onun bacısı qızı Eva Mireles həmin məktəbin müəllimi olub və o da hücum nəticəsində ölüb.
"Mən belə hücumların davam etməsinə görə qəzəbliyəm," Martinez Delqado bildirib. "Bu uşaqlar günahsızdır. Tüfənglər hər kəs üçün əlçatan deyil. Bu, mənim evimdir, 20 mindən az insanın yaşadığı bir icmadır. Mən heç vaxt bunun baş verəcəyini, xüsusilə də əzizlərimin başına gələcəyini təsəvvür etməzdim."
Məktəb dairəsinin başçısı Hal Harrell müxbirlərə deyib ki, şagirdlər üçün kədərin öhdəsindən gəlmək üçün məsləhət xidmətləri təklif olunur və məktəbin geridə qalan günləri təxirə salınır.
"Mənim ürəyim ağrıyır. Biz kiçik bir icmayıq və bunun öhdəsindən gəlmək üçün sizin dualarınıza ehtiyacımız var," Harrell deyib.
Sözçünün bildirdiyinə görə, BMT-nin baş katibi Antonio Quterreş Uvaldedə ibtidai məktəbdə baş verən dəhşətli kütləvi hücuma görə dərin sarsıntı keçirir və kədərlənir. Qurbanların əksəriyyətinin uşaqlar olması xüsusilə ürək ağrıdır."
ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı xalqa müracitəində qurbanların ailələrinə başsağlığı verib, kütləvi hücumların bu qədər tez-tez baş verməsinin səbəblərini sual edib və qanunvericiləri "sağlam düşüncəyə uyğun silah qanunlarını" dəstəkləməyə çağırıb.
"Mən artıq bezmişəm və təngə gəlmişən. Biz tədbir görməliyik," o deyib.
Çərşənbə axşamı baş verən hadisə Texasda ən tələfatlı məktəb hücumudur. Bundan əlavə bu hücum 2012-ci ildə Konnektikut ştatında Sandi Huk ibtidai məktəbə hücumdan bəri ibtidai məktəbdə baş verən ən tələfatlı hücumdur.
Texasın qubernatoru Qreq Abbot silahlı şəxsib Salvador Ramos olduğunu bildirib.
"Texas boyu insanlar bu mənasız cinayətin qurbanları və Uvalde icması üçün kədərlənirlər," Abbott bəyanatında bildirib.
Texas ştatından senator Ted Kruz bənzər fikirlər səsləndirib.
"Bu gün qaranlıq bir gündür. Biz hamımız tamamilə məyus və kədərliyik. Biz bu cür hücumlardan çox görmüşük. Heç bir valideyn övladını dəfn etmək kimi bir ağrı yaşamamalıdır. Biz xalq olaraq birlik olub, bu dağıdıcı itkidən sağalmağa çalışan Uvaldeni dəstəkləməliyik."