İnsan haqları qrupları və ekspertlər bu yaxınlarda Fransada həbs edilən Suriyanın islamçı silahlı qrupunun əsas komandirinin Suriyada mülki vətəndaşlara qarşı işgəncələr və müharibə cinayətlərində iştirak etdiyini bildirib.
Fransanın AFP xəbər agentliyinin verdiyi məlumata əsasən, işgəncə, müharibə cinayətləri və insanların itkin düşməsində əli olmaqda ittiham edilən və İslam Alluş kimi tanınan Məcdi Mustafa Nameh Fransanın Marsel şəhərində həbs edilib.
Suriya ordusunun keçmiş kapitanı Alluş Suriya paytaxtı Dəməşq yaxınlığında ekstremist üsyançı Ceyş Əl-İslam qrupunun yaradılmasında aparıcı rol oynayıb. O, 2017-ci ilə qədər qrupun sözçüsü olub.
Alluşun həbsi bir neçə insan haqları qrupu, eləcə də Beynəlxalq İnsan Haqları Federasiyasının (FİDH) Ceyş Əl-İslamln törətdiyi cinayətlərə görə üsyançı qrupun üzvlərinə qarşı cinayət işi açılmasını tələb etməsindən bir neçə ay sonraya təsadüf edir.
"İslam Alluşun silahlı qrupa uşaqları zorla cəlb etməsi ilə bağlı iddia var. Bəzi qurbanlar onu adam qaçırmaq və işgəncə verməkdə ittiham edir" - deyə, Beynəlxalq İnsan Haqları Federasiyasının onun həbsindən sonra verdiyi bəyanatda bildirilib.