Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli etirazçı insanları ana müxalifətin 20 oktyabrda keçirəcəyi mitinqə çağırıb. Əgər “Məhsul” stadionunda mitinqin keçirilməsinə icazə verilməsə, o xalqı şəhərin mərkəzindəki Fəvvarələr Meydanına səsləyəcəyini bildirib. Bu barədə Avropada səfərdə olan Cəmil Həsənli “Meydan” televiziyasına müsahibəsində bildirib.
Həsənli müsahibədə müxalifətin seçkilərdən sonra Avropada keçirdiyi görüşlər barədə danışıb. O seçkilərin saxtalaşdırıldığını deyib, beynəlxalq müşahidəçilərin məruzələrinə münasibət bildirib.
Xatırladaq ki, oktyabrın 17-də Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinin onlara çatmadığını bildirib. Milli Şuranın mətbuat xidməti isə müraciətin mətnini və meriyaya göndərilən müraciətin poçt qəbzini yayıb. Qəbzdə meriyaya oktyabrın 14-də müraciət göndərildiyi qeyd edilib.
Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, indiki anadək Bakı meriyası Milli Şuranın məktubuna cavab verməyib.