Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər cəbhə xəttində gərginliyin artması, Azərbaycanın mülki şəxslərinin atəşə məruz qalması ilə bağlı münasibət biıldirib:
“BMT Baş Məclisinin 70-ci sessiyasının işə başlaması, sessiya çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin ciddi müzakirə olunduğu və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Nyu-Yorkda danışıqlar aparıldığı dövrdə Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin Ermənistan tərəfindən gərginləşdirilməsi təxribat xarakteri daşıyır. Məqsəd danışıqlar prosesinin irəliləməsinə mane yaratmaqdır.
Beynəxalq humanitar hüquq üzrə öhdəliklərini ciddi şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki şəxslərin hədəf seçilməsi davam etdirilir. Ermənistanın son belə təxribatı nəticəsində sentyabrın 23-də Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin mülki sakini Dursunova Esmira Aslan qızı yaralanıb.
Ermənistan atəş məntəqələrini qəsdən mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək və Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açaraq, cavab atəşi ilə öz mülki şəxslərini hədəf obyekti etmək cəhdi kimi qeyri-insani taktika seçmişdir. Terrorçulara xas olan və mülki obyektləri və şəxsləri özünə sipər seçən bu taktika ilk növbədə Ermənistan vətəndaşlarına qarşı hərbi cinayətdir.
Azərbaycan Respublikası Cenevrə konvensiyaları və əlavə protokollar üzrə öz üzərinə götürdüyü öhdəliklərinə sadiqdir.
Ermənistandan fərqli olaraq, Cenevrə konvensiyaları və əlavə protokollar üzrə üzərinə düşən öhdəliklər Azərbaycan silahlı qüvvələrinin məcburi təlim - tədris proqramının tərkib hissəsidir. Ümumiyyətlə, mülki şəxslərin qorunması, qadın, uşaq və qocalara kömək edilməsi Azərbaycan xalqının və Azərbaycan əsgərinin malik olduğu yüksək mənəvi-əxlaqi dəyərdir.
Ermənistanın Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki Azərbaycan əhalisinin hədəfə alınması və hətta öz vətəndaşlarının hərbi məqsədlərlə sipər və təxribat obyekti kimi istifadə etməkdən belə çəkinməmək Ermənistanın hərbi - siyasi rəhbərliyinin hərbi və insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir.
Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin pozulması və vəziyyətin gərginləşməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsidir.
Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı davam etdiyi halda, vəziyyətin gərginləşməsinə görə işğalçı dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, H.Hacıyev qeyd edib.
Ermənistan Xarici İşlər Nazirliyi hələ Azərbaycan tərəfinin bəyanatına münasibət bildirməyib. Amma, Ermənistan mediası rəsmi şəxslərə istinadən Ermənistanın Azərbaycanla sərhəddə yerləşən bəzi yaşayış məntəqlərinin atəşə məruz qaldığını, itkilərin olduğunu yazır.
***
Sentyabrın 25-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində Ermənistanın Tavuş vilayətində kütləvi atışma nəticəsində Parvakar və Berdavan kəndlərində üç dinc sakin həlak olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Cavab atəşi zamanı Azərbaycan tərəfdən də həlak olanların və yaralananların olduğu bildirilir.
"Azərbaycan Silahlı Qüvvələrinin iki postu məhv edilib", erməni tərəfi bildirib.
Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, sentyabrın 23-də Qazax rayonunun (Bakıdan 500 kilometr qərb) Kəmərli kəndində erməni tərəfinin açdığı atəş nəticəsində kənd sakini Esmira Dursunova yaralanıb. Azərbaycan tərəfi cavab atəşi açıb.
Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin sıralarında itkilərin olması barədə erməni tərəfinin məlumatını yalan adlandırıb. Azərbaycan hərbi rəhbərliyi Ermənistanın dinc sakinlərinin atəşə tutulması barədə xəbərləri təkzib edib.
“Silahlı Qüvvələrə dinc sakinlərə atəş açmamaq əmri verilib, lakin istənilən hərbi obyekt və canlı qüvvə məhv ediləcək. Yaşayış məntəqələrində hərbi obyektlərin yerləşdirilməsinə və dinc sakınlərə dəyən zərərə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır”, məlumatda deyilir.