Ağ Evin yüksək səviyyəli səhiyyə rəsmisinin bildirdiyinə görə, ABŞ-da COVID-19-un omikron variantına yoluxmaların artması səbəbindən federal səhiyyə rəsmiləri koronavirusa yoluxan asimptomatik amerikalılar üçün beş günlük təcrid məhdudiyyətləri ilə yanaşı mənfi test nəticələri göstərmələrini istəyir.
Doktor Entoni Fauçi Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) keçən həftəki tövsiyyələrinə əhəmiyyətli bir yenilik əlavə edərək "neqativ" test nəticələrinin daxil edilməsini də istəyib.
Dekabrın 27-də verilən təlimata əsasən COVID-19-a yoluxmuş insanların artıq simptomlar hiss etmədiyi və ya qızdırmaları olmadığı təqdirdə təcrid olunma məhdudiyyəti 10 gündən 5 günə qədər qısaldılıb. Bu müddət bitdikdən sonra onlardan növbəti 5 gün ərzində digər insanların olduğu yerlərdə maska taxmaları xahiş olunur.
Səhiyyə üzrə bir çox mütəxəssis təcriddən çıxmaq üçün mənfi antigen testinin tələb oldunmadığı üçün bu təlimatları tənqid edib.
"Beş gün müddətində nəyə görə insanlardan testdən keçmələrini istəmədiyimizlə bağlı bəzi narahatlıqlar var. Bir daha baxsaq görərik ki, bu, test təlimatın bir hissəsi ola bilər və düşünürəm ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərindən növbəti gün və ya bir neçə gün sonra bu barədə daha çox eşitəcəyik" - deyə, Fauçi bildirib.
Ölkənin yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi olan Fauçi ABŞ-da yoluxma hallarında demək olar ki, "şaquli artım" olduğunu, hazırda hər gün orta hesabla 400 min yeni yoluxma halının qeydə alındığını və xəstəxanaya yerləşdirmə hallarının da artdığını deyib.
Fauçi "Biz şübhəsiz ki, yoluxmalarda çox ciddi artımın və yüksəlişin şahidiyik" deyib. "Hazırda yoluxmalar əvvəllər gördüyümüzdən həqiqətən xeyli çoxdur" - deyə, o bildirib.
Fauçi omikron variantının səhiyyə sisteminə təsir göstərə və digər vacib xidmətlərdə "böyük pozuntuya" səbəb ola bilməsindən narahat olduğunu ifadə edib.
Pandemiya ilə yanaşı soyuq havalar bazar günü ABŞ-da 2500-dən çox, dünya boyu isə 4100-dən çox uçuşun təxirə salınmasına səbəb olub. ABŞ-ın onlarla kollec ən azı semestrin ilk həftəsi dərsləri yenidən onlayn-a keçirib və bəziləri infeksiya dalğası səbəbindən bunun daha da uzana biləcəyi barədə xəbərdarlıq edib.
Ofis işçilərinə online işləməyə icazə verən, lakin 2022-ci ilin əvvəlində ofisə qayıtmağı planlaşdıran bir çox şirkət bu planlarını təxirə salmağa məcbur olub.