Qərbi Azərbaycan vilayəti məktəblərinin sabiq müəllimi və türk fəal Cavad Abbasi Amerikanın Səsi ilə söhbətdə son vaxtlar türk dilində təhsil məsələsinin geniş şəkildə gündəmdə olması ilə əlaqədar şərhlərini paylaşıb. O, millət vəkillərinin türk dilində dərsliklərin hazırlanması tələbi ilə prezident Ruhaniyə müraciətlərini, eləcə də Qərbi Azərbaycan vilayətində “İstanbul türkcəsinin təhsil sistemində ciddi problem yaratdığına” dair İran rəsmilərinin iddiasını dəyərləndirib.
Türk dilinin tədrisi tələbinin millət vəkillərinin gündəmində olması və İran Parlamentində səsləndirilməsini farslaşdırma siyasətinin məğlubiyyətə uğradığının əlaməti kimi dəyərləndirən Cavad Abbasi İran rəsmiləri, o cümlədən prezident Həsən Ruhaninin bu mövzu ilə bağlı açıqlamalarında səmimi olmadığını vurğulayır.
Nədən türk uşaqları Türkiyə ya Quzey Azərbaycan televiziyasını rahat izləyirlər? Bunun çox sadə cavabı var. Çünki, bunların yaydığı proqramlar türk dilindədir və uşaqların böyüdüyü adət-ənənələr və yaşayış tərzi, keçmişi, ədəbiyyatı və duyğuları ilə üst-üstə düşür.Cavad Abbasi
“Milli fəallar olaraq ayıq olmalıyıq. Çünki siyasi alverçilər meydandadırlar. Bunlar öz hədəflərinə çatmaq üçün hər oyuna baş vururlar... Misal üçün, dərsliklərin hazırlanması məsələsində, Təbriz şivəsi, Ərdəbil ləhcəsini ortaya atırlar. Bu bir təhdid və oyundur. Bizim meyar dilimiz türk dilidir,” deyə o söyləyir.
Abbasi əlavə edir, “bunlar bir gün deyirlər Azərbaycan dili, bir gün deyirlər Azəri. Hərdən bir uydurma... Burada səmimiyyətsizlik var. [Yoxsa] bunlar yaxşı bilir bu dilin adı türkcə və bu millətin adı türk millətidir.”
Bu yaxınlarda İran xəbər agentlikləri Qərbi Azərbaycan vilayətində yeni məktəbə gedən uşaqların bir çoxunun farsca bilmədiklərini, amma “İstanbul Türkcəsinə” hakim olduqlarına dair xəbər yayıblar. Bu məlumata görə, vilayətin Təhsil İdarəsi sədri bu məsələnin təhsil sistemində ciddi problemlərə yol açdığını irəli sürüb.
ABŞ-da mühacirətdə yaşayan müəllim bunun əksini düşündüyünü ifadə edir. Onun fikrincə, İran Azərbaycanında yaşayan türk uşaqları Türkiyə və Azərbaycan Respublikası telekanallarının yayımladığı türkcə proqramlardan müsbət mənada yararlanırlar.
İran hakimiyyəti xaricdən gələn hər səsi kəsmək istəyir. Bunu təhdid kimi görür. Xüsusilə Güney Azərbaycan və İranda yaşayan türklərin digər türk soydaşları ilə əlaqədə olmalarını istəmir.Cavad Abbasi
O deyir ki, “nədən türk uşaqları Türkiyə ya Quzey Azərbaycan televiziyasını rahat izləyirlər? Bunun çox sadə cavabı var. Çünki, bunların yaydığı proqramlar türk dilindədir və uşaqların böyüdüyü adət-ənənələr və yaşayış tərzi, keçmişi, ədəbiyyatı və duyğuları ilə üst-üstə düşür. Nədən İran televiziyasını izləmirlər. Çünki, o proqramlarda harada aşağılayıcı rollar varsa türklərə verilir...”
O, “İstanbul türkcəsi”-nin İran Azərbaycanın təhsil sistemində problem yaratdığına dair ifadələrin siyasi məqsədlərlə ortaya atıldığını deyir:
“İran hakimiyyəti xaricdən gələn hər səsi kəsmək istəyir. Bunu təhdid kimi görür. Xüsusilə Güney Azərbaycan və İranda yaşayan türklərin digər türk soydaşları ilə əlaqədə olmalarını istəmir... Bunların qorxusu farslaşdırma layihəsinin artıq yürüməməsidir.”