Accessibility links

Xəzərdən Urmiyəyə su gətirilməyəcək


Urmiyə Gölünü Canlandırma Mərkəzinin sözçüsü Davud Rza Ərəb “Xəzərdən Urmiyə gölünə su gətirmək layihəsi çox bahalıdır. Misal üçün hər 5 kub metr suyu gətirmək üçün 2.5 dollar xərclənməlidir” deyərək, Xəzər-Urmiyə layihəsinin artıq dövlətin gündəmində olmadığını bildirib.

Fars xəbər agentliyinə istinadən Rza Ərəb Tehranın Şərif sənaye universitetində təşkil olan Urmiyə gölü toplantısında mənsub olduğu qurumun ekoloji böhranın həlli istiqamətində həyata keçirəcəyi layihələri şərh edib.

Urmiyə gölünün quruması bu sürətlə davam etsə bölgədə tənəffüs yolları və tənəffüs sistemi infeksiyası, astma, xərçəng növləri, eləcə də ürək-damar xəstəlikləri artacaqdır.

İran mediası Rza Ərəbə istinadən xəbər verib: “Urmiyə Gölünü Canlandırma Mərkəzində 24 layihə ilə bağlı qərar qəbul etmişik. Aparılan araşdırmalara görə, gölü qurtarmaq üçün 10 il vaxt lazimdir... Araz çayından Urmiyə gölünə su gətirmək layihəsi sürətləndiriləcək. Layihə təxminən üç il sonra əməliyyat mərhələsinə keçəcək.”

Onun sözlərinə görə, Urmiyə gölünün quruması bu sürətlə davam etsə, bölgədə tənəffüs yolları və tənəffüs sistemi infeksiyası, astma, xərçəng xəstəliyinin müxtəlif növləri, eləcə də ürək-damar xəstəlikləri artacaqdır.

İyun ayının 10-da Urmiyə gölü müdafiəçiləri tərəfindən Təbriz və Urmiyə şəhərlərində etiraz aksiyaları təşkil edilib. Etirazlara qatılanlar “Ruhani Ruhani, vədlərin bəs hanı?” şüarı ilə İran prezidentinin ekoloji böhranı həll etməyə dair əməli addım atmadığına etiraz ediblər.

Etirazçıların bir çoxu nəzarət altına alınıb və məhkəmə tərəfindən “pantürkizm fəaliyyətləri aparmaq” kimi ittihamlarla üzləşib. Aksiyalardan az müddət sonra prezident Həsən Ruhani Urmiyə gölünü canlandırmaq istiqamətində əməli layihələrin başlanmasına dair sərəncam verib.

Güney mediası və ekologiya üzrə bəzi ekspertlər prezidentin sərəncamının təbliğat məqsədli olduğunu irəli sürüblər.

XS
SM
MD
LG