Accessibility links

Kanadanın Toronto şəhəri yaxınlığında atışma zamanı 5 nəfər ölüb


Kanada polisi bazar günü Toronto şəhəri yaxınlığında baş verən atışma zamanı 5 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını bildirib.

Yerli polis rəisi Cim Maksvin jurnalistlərə açıqlamasında atışmanın yaşayış binasında baş verdiyini və şübhəlinin hüquq-mühafizə orqanları ilə atışma zamanı öldüyünü deyib.

Yaralanan şəxs xəstəxanaya çatdırılıb və həyatı üçün təhlükə yoxdur.

Polis hadisə yerinə bazar günü axşam saatlarında çağırılıb.

"Zabitlər gəldikdə dəhşətli mənzərə ilə qarşılaşıb, çox sayda ölü olduğunu görüb," Maksvin Kanada mediasının bildirdiyinə görə, jurnalistlərə deyib.

Polis hadisənin səbəbini və adı açıqlanmayan şübhəli ilə qurbanlar arasında əlaqənin olub-olmadığını araşdırır. Şübhəlinin təkbaşına hərəkət etdiyi iddia edilir.

Qurbanlar Torontodan təxminən 30 kilometr şimalda, Voqan şəhərindəki binanın müxtəlif mənzillərində aşkar ediib.

Kanada mediası sakinlərin dərhal təxliyə edildiyini, axşam saatlarında hadisə yerində onlarla təcili yardım maşınının və polis əməkdaşının olduğunu bildirib.

Kütləvi atışmaların qonşu Amerikadan daha az baş verməsinə qalmasına baxmayaraq, Kanadada silahlı zorakılıq hallarının artması ilə əlaqədar bu yaxınlarda odlu silaha qadağa qoyulması haqda qanun qəbul edilib.

2020-ci ilin aprelində Kanadanın şərqindəki Yeni Şotlandiya vilayətində polis geyimində olan silahlı şəxsin 22 nəfəri öldürməsi Kanadada ən dəhşətli kütləvi silahlı zorakılıq hadisəsi kimi yadda qalıb.

Bu ilin sentyabrında yerli icmanın məskunlaşdığı Saskatçevan vilayətində bir şəxs bıçaqla 11 nəfəri öldürüb və 18 nəfəri yaralayıb.

XS
SM
MD
LG