Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda növbədənkənar parlament seçkilərinin gedişi, səsvermə zamanı qeyd edilən pozuntu halları və beynəlxalq müşahidəçilərin rəyləri haqda danışıb.
“Əminliklə demək istəyirəm ki, Azərbaycanda 9 fevral seçkiləri ATƏT-in rəyində göstərildiyindən kifayət qədər daha ciddi poztunlarla keçirilib, çünki onlar gözlərinə dəyən, müşahidə etdikləri pozuntuları qeydə alıblar. Bütövlükdə buna seçki demək olmaz”, Cəmil Həsənli bildirib.
Milli Şuranın sədri bəzi müxalifət partiyalarının seçkini boykot etməsi və ya seçkilərə qatılmamasının səbəbini “ölkədə seçki mühitinin olmaması” ilə izah edib.
“Azad mətbuat yox idi, toplaşmaq hüququ yox idi və seçki komissiyalarında heç bir dəyişiklik edilməmişdi. Venesiya komissyasının təklifləri var idi, digər beynəlxalq təşkiilatlarının təklifləri var idi, heç bir dəyişiklik olmamışdı və belə bir şəraitdə seçkilərə getmək qabaqcadan nəticəsi bəlli olan seçki prosesinə qatılmaqdan ibarət idi. Mən keçirəm saxtakarlığa. Saxtakarlıq Azərbaycan hakimiyyətinin mahiyyətidir. Saxtakarlıq İlham Əliyevin siyasətinin bilavasitə mahiyyətidir.”
Cəmil Həsənli beynəlxalq qurumların növbədənkənar parlament seçkilərində baş verən pozuntularla bağlı narahatlığını ifadə edən bəyanatlarına toxunub. Milli Şura sədri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun növbədənkənar parlament seçkiləri ilə bağlı rəyini “yumşaq” adlandırıb.
Avropa Şurası Parlament Assambleyası da seçkilər haqqında neqativ rəylə çıxış etdi. Bunun bir mənası var: 9 fevral seçkiləri Azərbaycan xalqının iradəsini ifadə etməyib.
“Hesab edirəm ki, bu rəy kifayət qədər yumşaqdır, baxmayaraq orada çox ciddi qanun pozuntuları göstərilir, xüsusilə səslərin sayılmasında, karusellərin təşkil edilməsində, bir nəfərin bir neçə bülleten atmasında, topa bülletenlər atəlması, səsvermə prosesində məntəqə komissiyasının üzvlərinin və müşahidəçilərin, üstəgəl polisin müdaxiləsinin geniş xarakter almasına baxmayaraq, bu rəy kifayət qədər yumşaq rəydir və Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, Bakıdakı Səfirlik bu rəylə razılaşdığını bildirdi. Eyni zamanda, Avropa Birliyinin Avropa Parlamenti bu rəylə razı olduğunu bildirdi və eyni zamanda müşahidəçi missiyasında proseslərdə iştirak edən Avropa Şurası Parlament Assambleyası da seçkilər haqqında neqativ rəylə çıxış etdi. Bunun bir mənası var: 9 fevral seçkiləri Azərbaycan xalqının iradəsini ifadə etməyib."
Cəmil Həsənli qeyd edib ki, artıq ikindi dəfədir Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi ilə Avropa Şurası Parlament Assambleyasının rəyi üst-üstə düşür və eyni mövqedən çıxış edirlər.
Azərbaycan xalqı seçki ilə bağlı, insan haqları ilə bağlı, sosial ədalətsizlik bağlı, korrupsiya ilə bağlı problemləri özü həll etməlidir, iradə ortaya qoymalıdır.
“Bu özü də Azərbaycan hakimiyyətinin Avropa Şurasında natəmiz korrupsiya əməlinin iflasa uğramasının bir göstəricisidir və şübhəsiz ki, Dövlət Departamenti və Amerika Birləşmiş Ştatlarnıın Bakıdakı Səfirliyi ATƏT-in rəyinə qoşulmaqla və buna dəstək verməklə o pozuntuları, seçki prosesində, 9 fevralda baş vermiş pozuntuları təsdiq etmiş oldu. Buna görə hər kəs sağ olsun. Amma biz xalqımızın gözün bu beynəlxalq gözləntilərdən çəkməliyik. Azərbaycan xalqı özü öz taleyinə sahib çıxmalıdır. Azərbaycan xalqı seçki ilə bağlı, insan haqları ilə bağlı, sosial ədalətsizliklə bağlı, korrupsiya ilə bağlı problemləri özü həll etməlidir, iradə ortaya qoymalıdır. Bu xarici gözləntilər milləti tənbəlləşdirir. Heç vaxt bu gözləntilərlə yaşamaq lazım deyil ki, Vaşinqton, Paris, Berlin, Moskva gəlib Azərbaycanda nəyisə düzəldəcək. Bunlar hamısı yardımçı xarakter daşıyır. Məsələnin həlli Azərbaycan xalqının iradəsinin ortada olmasından keçir.”