Accessibility links

Bəxtiyar Hacıyevə dəstək qrupu Azərbaycan və Amerika prezidentlərinə müraciət edib


Bəxtiyar Hacıyevə dəstək qrupu Azərbaycan və Amerika prezidentlərinə müraciət edib
Bəxtiyar Hacıyevə dəstək qrupu Azərbaycan və Amerika prezidentlərinə müraciət edib

Məktublarda Bəxtiyar Hacıyevin azadlığa buraxılması, təhsilini davam etdirməsinə şərait yaradılması xahiş edilir

Həbsdə olan gənc bloger Bəxtiyar Hacıyevə dəstək qrupu prezident İlham Əliyevə və ABŞ prezidenti Barak Obamaya kütləvi məktub kampaniyasına başlayıb.
Qrup üzvləri prezident İlham Əliyevə ünvanladığı məktubda Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını, təhsilini davam etdirməsinə şərait yaradılmasını xahiş edir. Barak Obamaya ünvanlanmış məktuba imza atanlar isə ABŞ-ın bütün dünyada demokratiya və insan haqlarını müdafiə etmək mövqeyi seçdiyini xatırladır və onu Azərbaycanda demokratik proseslərin inkişafına, Bəxtiyar Hacıyevin azad edilməsinə dəstək verməyə səsləyir. Gənclər ad, soyad, ixtisas, oxuduğu təhsil müəssisəsi və təhsil aldığı ili, xaricdə təhsil alanlar həm də iştirak etdikləri proqramları qeyd etməklə məktubları imzalayır.
Facebook sosial şəbəkəsində başlanan kampaniyaya 100-dən çox gəncin qoşulduğu, ilk 125 nəfərin imzaları ilə məktubun Azərbaycan prezidentinə göndərildiyi bildirilir.
Oktyabrın 18-nə qədər davam edəcək kampaniyaya qoşulanlar öz dəstəklərini Facebook şəbəkəsində müvafiq qeyddə verir. Bu şəbəkəyə üzv olmayanlar isə www.supportbakhtiyar.com/prezidente-mektub linkinə daxil olaraq, məktubların şərh hissəsində məlumatları yazmaqla məktubları imzalayır.
Öz məlumatlarını ictimai şəkildə yaymaq istəməyənlər tələb olunan məlumatları justiceforbakhtiyar@gmail.com elektron poçt ünvanına göndərirlər. Bu ünvana göndərilən imzalar yalnız prezidentə göndəriləcək məktuba əlavə ediləcək.
Xatırladaq ki, Bəxtiyar Hacıyev 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub. O uğurlu seçki kampaniyası aparıb və hökuməti tənqid edib. Namizədliyini irəli sürdüyü seçki dairəsində səsvermə zamanı qanun pozuntuları ilə bağlı social şəbəkələrdə video görüntülər yayıb. 2011-ci il yanvarında barəsində cinayət işi açılıb və martın 4-də həbs olunub. Mayın 18-də o, Gəncənin Nizami rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Gənc fəal Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Gəncə şəhər Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG