ABŞ prokurlarının qeyri-qanuni xarici lobbiçilikdə ittiham etdiyi rusiyalı qadın Mariya Butinanın vəkili deyir ki, Rusiyaya deportasiyasını sürətləndirmək üçün onun pasportu ABŞ immiqrasiya rəsmilərinə təhvil verilib.
Rusiyanın dövlət TASS xəbər agentliyinə müsahibədə müdafiə vəkili Robert Driskol deyib ki, o ümid edir ki, Butinanın məsələsinə baxan ABŞ hakimi qərarı və hökm gününü onun fevralın 26-da keçiriləcək növbəti məhkəmə iclasından iki-altı həftə ərzində təyin edəcək.
“Ümid edirik ki, o, artıq həbsdə keçirdiyi müddətə bərabər həbs cəzası alacaq və dərhal azadlığa buraxılıb, qısa müddət sonra deportasiya olunacaq,” TASS müxbirləri Driskola istinadən bildirib.
Driskol deyib ki, əgər hətta Butina belə bir cəza alsa və dərhal azadlığa buraxılsa belə, o, Butinanın deportasiyasını təmin etmək üçün ABŞ İmmiqrasiya və Sərhəd Təhlükəsizliyi rəsmiləri ilə razılıq əldə etməlidir.
Butinanın prokurorlarla əldə etdiyi razılığa əsasən, ABŞ rəsmiləri əməkdaşlıq etməyə davam etdiyi zaman ərzində onu həbsdə saxlaya bilərlər.
“Düşünürük ki, onun əməkdaşlığı artıq bitdi, amma biz əmin olmalıyıq ki, hökümət də bununla razılaşır. Hər şey hökümətin nə qədər vaxta ehtiyacı olduğunundan, Butinanın ifadə verməli olduğu başqa məhkəmə işlərinin olub-olmamasından asılıdır”, Driskol deyib.
Dekabr ayında qeydiyyatdan keçməmiş rusiyalı agent kimi fəaliyyət göstərməyə cəhd etməkdə təqsirini qəbul edən Butina bir neçə ay boyunca təcrid kamerasında saxlanılıb. Driskol həmçinin deyib ki, dekabrdan sonra Butina minimum təhlükəsizlik kamerasına köçürülüb.
Yanvar ayında Butinanın ailəsi Amerikanın Səsinə bildirib ki, onlar onun Barnaul şəhərinə geri dönməsini gözləyir.
Driskol deyib ki, o, Butinanın Rusiyaya kommersiya və ya dövlət təyyarəsi ilə geri dönəcəyindən əmin deyil.