İyunun 30-da Milli Məclis Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər barədə qanunutəsdiq edib.
Dövlət büdcəsinə dəyişiklikləri maliyyə naziri Samir Şərifov təqdim edib. Büdcənin xərcləri 1 mlrd 41 mln manat artırılaraq 17 mlrd 941 mln manata, gəlirlər 511 mln manat artırılaraq 16 mlrd 766 mln manata çatdırılır.
Nazirin sözlərinə görə, SOCAR tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin kompensasiyası üçün dövlət büdcəsindən 250 milyon manat subsidiya ayrılır. Həmçinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün Fondun nizamnamə kapitalının 546 milyon manat artırılması nəzərdə tutulub.
Sosial mənzil tikintisinin genişləndirilməsi ilə bağlı xərclərin artırılması üçün 50 milyon manat, 14 rayon və şəhərdə yeni tikilmiş uşaq bağçaları, uşaq texniki yaradıcılıq mərkəzləri, peşə-ixtisas təhsili müəssisələrinin və s. xərclərinin tənzimlənməsi üçün 68 milyon manat vəsait yönəldiləcək.
Ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşlarının əməkhaqlarının tənzimlənməsi, səfirlik və konsulluqlarda təsis olunacaq ticarət nümayəndələrinin saxlanılması üçün 14,1 milyon manat, dövlət büdcəsinin ehtiyat fondunun xərclərinin 1,5 milyon manat və digər zəruri xərclərin 5 milyon manat artırılması nəzərdə tutulur.
Bundan başqa, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 milyon manat vəsait yönəldiləcək, bu da təsdiq edilmiş göstəricidən 7,6 faiz çoxdur, deyə maliyyə naziri bildirib.