Accessibility links

Bu həftə sonu Çinə məxsus raketin bir hissəsinin Yerə düşəcəyi gözlənilir


Long March 5B raketi Çinin Tianhe kosmik stansiyasının əsas modulunu kosmosa qaldırır
Long March 5B raketi Çinin Tianhe kosmik stansiyasının əsas modulunu kosmosa qaldırır

Çinin tikilməkdə olan ilk kosmik stansiyasının əsas modulunu orbitə çıxaran raketin nəzarətdən çıxan ən böyük parçası bu həftənin şənbə günü Yer kürəsinin qeyri-müəyyən bir hissəsinə düşəcəyi gözlənilir.

Bu tip raket hissələri normal hallarda havaya qalxdıqdan qısa müddət sonr okeana endirilir və orbitə yenidən daxil olmur.

Lakin Çinin Kosmos Agentliyi hələ də nəhəng Long March 5B raketinin əsas hissəsinin idarə edildiyi yoxsa idarə olunmadan eniş edəcəyini bildirməyib. Keçən ilin may ayında Çinə məxsus başqa bir raket də nəzarətsiz şəkildə Qərbi Afrikanın yaxınlığında, Atlantik okeana düşmüşdü.

Raketin trayektoriyası və pilləsi ilə bağlı detallar bilinmir çünki Çin höküməti ictimai formada heç bir açıqlama verməyib. Digər tərəfdən bayram səbəbi ilə çərşənbə günü Çin Milli Kosmik İdarəsinə edilən zənglər cavabsız qalıb.

Bununla birlikdə Çin Kommunist Partiyası tərəfindən nəşr olunan Global Times qəzeti yazır ki, raket pilləsinin alüminiumdan hazırlanan "nazik" xarici qatı atmosferə daxil olduğu zaman asanlıqla yanacağı üçün insanlara bir risk təşkil etmir.

ABŞ Müdafiə Nazirliyi raketin şənbə günü Yerə düşməsinin gözləndiyini bildirir.

Lakin Pentaqon çərşənbə axşamı yaydığı açıqlamada bildirib ki, raketin atmosferə "daxil olmasına bir neçə saat qalana qədər onun düşəcəyi nöqtəni məyyənləşdirmək" mümkün olmayacaq.

Müdafiə naziri Lloyd Austin cümə axşamı ABŞ ordusunun onu vurmaq kimi bir planının olmadığını bildirib.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Kosmik Komandanlığının Çinə məxsus raketin "yerini bildiyini və izlədiyini" deyib.

Qeyri-kommersiya şirkəti olan Aerospace Corporation raketin atmosferə daxil olduqdan sonra hissələrin ABŞ-ın şərq şəhərləri üzərindən keçərək ekvatora yaxın, Sakit Okeana düşəcəyini ehtimal edir. Hazırda raketin orbiti Yer kürəsinin Yeni Zelandiyadan Kanadanın Nyufaundlend bölgəsinə qədər olan bir hissəsini əhatə edir.

Long March 5B raketi 29 aprel tarixində kosmik stansiyanın əsas hissəsini havaya qaldırıb. Çin hələ bundan sonra 10 raket daha qaldırmağı planlaşdırır.

Təxminən 30 metr uzunluğunda olan bu raket Yerə düşəcək ən böyük kosmik tullantılardan biri olacaq.

XS
SM
MD
LG