Accessibility links

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür


Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Bu gün münasibətilə Azərbaycan Milli Kitabxanası eyni adlı virtual sərgi hazırlayıb. Virtual sərgidə görkəmli şəxslərin ana dili haqqında fikirləri, Azərbaycan dilinin qorunması və inkişafı baxımından imzalanan rəsmi sənədlər, Milli Kitabxananın fondundan ana dili haqqında kitab və mövzuya dair digər resurslar yer alıb.

Tarixi mənbələrə görə, Azərbaycanda uzun müddət ərəb əlifbasından istifadə olunub. Yalnız 19-cu əsrdə Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalıları əlifba islahatı keçirmək ideyasını irəli sürüb. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmayıb.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılıb. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilib. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım olub.

1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilib. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində keçmiş SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet İtifaqı rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaradıb.

1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olunub. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparılıb.

1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılıb.

1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb. Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilib və tətbiq edilməyə başlanılıb. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb. Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilib.

“Dövlət dili haqqında” qanunda deyilir ki, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılmalıdır. Həmçinin qanuna görə, Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

Bununla yanaşı müşahidəçilər hesab edir ki, bəzi hallarda dövlət qurumlarında qanunun normaları hələ də pozulur. Bəzi dövlət qurumlarında iş zamanı danışıqlar digər dildə aparılır. Bu yaxınlarda hətta bir nazirlikdə mətbuat konfransı rus dilində keçirilib.

Filologiya elmləri doktoru Qulu Məhərrəmli mövcud problemin əksər şəxslərin aldığı təhsillə əlaqədar olduğunu deyib.

“Hər hansı məmurun doğma ana dilini pis bilməsi, yaxud da bu dildə pis danışması ürəkağrıdan hadisədir. Həmin məmurların əksəriyyəti Sovet dövründə başqa dildə təhsil alıblar. Yəni mühit başqa olub deyə, müəyyən qədər dil problemlərinin olmasını anlamaq olar. Amma ümumilikdə özünə, ana dilinə hörmət edən dövlətlərdə məmurların işə düzəlməsi, xüsusilə mühüm vəzifələri tutması üçün önəmli şərtlərdən biri onun peşə bacarıqları ilə bərabər, ana dilini də mükəmməl bilməsidir. Hesab edirəm ki, Azərbaycanda da bunu tətbiq etmək çox uyğun olardı. Məsələn, mən bir çox ölkələrin təcrübəsini bilirəm ki, Ukraynada, Gürcüstanda, həmçinin Avropanın bir çox ölkələrində ana dilini bilmək mühüm şərtlərdən sayılır və işə qəbul olunanda dil biliyi nəzərə alınır. Nümunə üçün qeyd edim ki, Ukraynada Təhsil Nazirliyində xüsusi dil komissiyası var. Bu komissiya orta və ali məktəb müəllimlərinin ana dilində nə dərəcədə yaxşı danışa bildiyini yoxlayır. Həmin nazirlikdə bu quruma rəhbərlik edən şəxs azərbaycanlıdır. Bu bizim üçün bir nümunədir,” o qeyd edib.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb.

“Bu mübarizədə böyük qurbanlar verilib, fədakarlıqlar göstərilib. Hər bir xalq öz ana dilini qorumalıdır. Dünya dilləri yer üzünün sərvətidir. Dünyada 5 minə yaxın dil var, amma 200 xalq var ki, onların dili həm də dövlət dilidir. Azərbaycan dili də bu sıradadır. Azərbaycan türkcəsi Çindən başlamış Avropaya qədər böyük bir ərazidə müxtəlif adlar daşıyan, amma kökü bir olan türk dili ailəsinə məxsusdur. Dilimiz də tarixən böyük məhrumiyyətlər görüb. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalıb,” o qeyd edib.

O Azərbaycan dilinin işlənməsində problemlərə də toxunub.

“Mən “Facebook”da bu barədə yazmışdım. Azərbaycanda poçt xidməti çox eybəcərdir. İki dildə yazırlar çeki. Azərbaycanda fəaliyyət göstərən apteklər var. Malını satırsa, dərmanların izahını azərbaycanca çap elətdirməlidir. Adi vərəqdir. O vərəqi də rusca buraxır. Hesab edir ki, rusca olsa, bəsdir. Amma ondan tələb eləmək lazımdır ki, bura Azərbaycandır. Yaxud mənə məktub gəlir səfirliklərdən. Bir neçəsinə mən yazıram ki, dəvətinizə görə təşəkkür edirəm, amma mən ingiliscə bilmirəm. Mənə azərbaycanca göndərin və göndərirlər. Yəni millət öz dilini qoruyanda ona hörmət də edirlər,” deputat Facebook səhifəsində qeyd edib.

XS
SM
MD
LG