Accessibility links

Senatın Xarici Əlaqələr komitəsi Metyu Brayzanın nominasiyası barədə səsverməni təxirə saldı


Senatın Xarici Əlaqələr komitəsi Metyu Brayzanın nominasiyası barədə səsverməni təxirə saldı
Senatın Xarici Əlaqələr komitəsi Metyu Brayzanın nominasiyası barədə səsverməni təxirə saldı

Cənab Brayzanı iyulun 22-i keçirilmiş dinləmələr zamanı komitəyə təqdim edən komitənin həmsədri respublikaçı senator Riçard Lugar deyib ki, o bu vəzifəyə tamamilə uyğundur.

Senatın Xarici Əlaqələr komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə nominasiya olunmuş Metyu Brayzanın bu vəzifəyə təsdiqi ilə bağlı səsverməni təxirə salıb. Komitənin avqustun 3-də işgüzar görüşü zamanı 30-a qədər səfirin nominasiyası təstiqlənib.

Xarici Əlaqələr komitəsinin işgüzar iclasını komitənin sədri, demokrat senator Con Kerri aparırdı. ABŞ-ın bir sıra ölkələr, o cümlədən, İraq və Türkiyədə səfiri vəzifəsinə nominasiya olan 30-dan çox şəxs bu vəzifəyə təsdiq edilib. Senator Kerri Metyu Brayzanın nominasiyasının təsdiqi ilə bağlı ləngimənin səbəbinin nədən ibarət olduğu sualını cavablandırarkən deyib ki, müzakirələrin hələ də davam etməsi ABŞ-ın bu ölkələrə ən yaxşı namizədləri göndərmək istəyi ilə bağlıdır. Komitə üzvləri növbəti görüşdə müzakirələri davam etdirəcəklərini bildiriblər. İclasda Xarici Əlaqələr Komitəsinin 17 üzvündən 15-i iştirak edib.

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran komitənin həmsədri, respublikaçı senator Riçard Luqar deyib ki, Metyu Brayzanın nominasiyanın təsdiqi Kaliforniya ştatından demokrat senator Barbara Bokser tərəfindən saxlanılır. “Mən ehtimal edirəm ki, Dövlət Departamenti senator Bokserin narahatlıqlarının nədən ibarət olduğu və onları ünvanlamaq üçün onunla danışıqlar aparır ki, biz də tez zamanda bu nominasiyanı təsdiq edə bilək. Fikrimcə, o bu vəzifəyə tamamilə uyğundur və mənə dinləmələr zamanı onu komitəyə təqdim etmək kimi bir imtiyaz verilmişdi. “-deyə senator Luqar bildirib.

Senatorun sözlərinə görə, Metyu Brayzanın səfir vəzifəsinə təsdiqi komitənin sədri Con Kerrinin dediyi kimi, növbəti işgüzar görüş zamanı müzakirə ediləcək. ABŞ senatoru bir ildən çoxdur Birləşmiş Ştatların Azərbaycanda səfiri vəzifəsinin boş qalmasının iki ölkə arasında münasibətlərə təsiri ilə bağlı sualın cavabında deyib ki, o, səfirin olmamasının əlaqələrə təsir göstərdiyi üçün bu vəzifəyə namizədin təsdiqinə çalışır. “Bunun üçün administrasiya namizədin nominasiya etməlidir. Məhz buna görədir ki, mən bu nominasiyanın təsdiqinin nəyə görə bu qədər vaxt aparması ilə bağlı mülahizələrə bir səbəb görmürəm. Mən hesab edirəm ki, Metyu Brayza Azərbaycan və Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin daha da artmasına xidmət edəcək. Indi əsas problem ondadır ki, senator Bokser bu nominasiyanı saxlayıb, ümid edirəm ki, başqaları da bunu etmir. Buna görə də biz bu gün səs verməmişik.”

Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqi ilə bağlı səsvermənin sentyabr ayında qanunvericilərin tətildən qayıtmasından sonra keçiriləcəyi gözlənilir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG