Manhettenin uca binalarıyla əhatələnmiş Bryant park oazisi xatırladır. Təkcə göz oxşayan gözəlliyinə görə yox, həm də ziyarətçilərinə yaratdığı imkanlara görə.
Bryant parkı Kiçik olmasına baxmayaraq dünyanın ən çox ziyarət olunan parklarından biridir. Bu parka insan axınının əsas səbəbi bir çox romantik Hollivud filmində göstərilmiş olmasıdır. Bundan başqa parkda müxtəlif turist əyləncələri var. Bu əyləncələr fəsilə görə dəyişir. Burada açıq hava tamaşalarından tutmuş buz festivallarına, caz konsertlerinə kimi fərqli tədbirlər keçirilir. Bu tədbirlərin hamısı pulsuzdur.
Parkın əsas vəzifəsi Manhettendə yaşayan insanların gündəlik həyatlarına rəng qatmaqdır. Ətrafdakı ofislərdə işləyən insanlar nahar fasiləsini və ya həftəsonu istirahətini burada keçirir. Parkda həm böyüklər, həm də uşaqlar üçün müxtəlif oyunlar keçirilir. Bu oyunlar hər zaman yenilənir. Həmçinin park 2000-ci illərin başından etibarən ziyarətçiləri pulsuz sürətli internetlə təmin edir. Eləcə də, parkda kitab oxumaq köşəsi var. İnsanlar parkın içində həm işləyir, həm oxuyur, həm də dincəlir.
Qış aylarında parkda böyük bir yarmarka keçirilir. Bu yarmarkada dünyanın fərqli ölkərinin dadları toplanır. Belçika şokoladı, Çexiya şirniyyatları, Skandinaviyanın məşhur isti şərabı və s. Soyuq günlərin sehrindən zövq ala bilmək üçün buz meydançası qurulur. Yeni dövrün oazisi olan Bryant park Amerikada qış turizminin simvollarından birinə çevrilib.