Çərşənbə günü Brüsseldə insanlar Palas de la Burs meydanına toplaşaraq, aeroportda və metroda azı 34 nəfərin ölümü, 271 nəfərin yaralanması ilə nəticələnən bomba hücumları qurbanlarının xatirəsini anıb. Bomba hücumlarında əli olanların axtarışı davam etdirilir.
Buraya toplaşanların çoxu hələ də itkin düşən yaxınlarını axtarır. “Mənim deməyə sözüm yoxdur. Mən nə hiss etdiyimi çatdıra bilmirəm. Biz belə hücumlara öyrəşməmişik. Belə bir hücum sənin evində baş verirsə, sən daha güclü olmalısan. Biz qurbanlar üçün yalnız bunu edə bildik” deyə, Brüssel sakini Karilin Leden bildirir.
Noyabr ayında Parisdə olduğu kimi. İslam Dövləti yaraqlıları bomba hücumlarının məsuliyyətini öz üzərinə götürdükdən və Paris hücumlarında əli olan Saleh Əbdüsəlam Brüsseldə həbs edildikdən 4 gün sonra burada da bomba hücumları həyata keçirildi.
Belçika prokuroru Frederik Van Leyv polisin hücumçulardan birinin kompüterində yazılar tapdığını deyir. “Müstəntiqlər İbrahim Əl-Bəkrui adlı şəxsin kompüterində bu yazını aşkar edib: “tələsirəm, bilmirəm nə edim, hər yeri axtarırlar, artıq təhlükəsiz deyiləm”. Bu onun uzun zamandır riskdə yaşadığı və barmaqlıqların çox yaxında olduğu deməkdir.”
Hücumda əli olan uçuncü şəxs axtarıldığı üçün şəhərin bir hissəsi hələ də bağlıdır. Aeroportun isə yaxın zamanda açılacağı deyilir.