Accessibility links

Britaniyada ümummilli seçki keçirilir


Britaniyada seçicilər cümə axşamı ümummilli seçkidə iştirak edir. Bu seçki onların 2016-cı ildə keçirilən refendumda təsdiq etdiyi Brexitin həyata keçirilməsi və onların Avropa İttifaqından ayrılması ilə nəticələnə bilər.

Baş nazir Boris Conson öz seçki kampaniyasını “Brexiti Həll Edək” şüarı üzərində qurub. O deyir ki, mənsub olduğu Mühafizəkarlar Partiyasının parlamentdə çoxluq əldə etməsi ona daha öncə rədd edilmiş Avropa İttifaqı ilə ayrılıq sazişini qəbul etdirməyə və Brexiti yanvarın 31-dək həyata keçirməyə imkan verəcək.

Onun rəqibi, Leyboristlər Partiyasının lideri Ceremi Korbin deyib ki, əgər o, qalib gəlsə, Britaniyada insanların hələ də Avropa İttifaqından ayrılmaq istəyib-istəmədiklərini öyrənmək üçün yeni referendum keçiriləcək.

Boris Conson sələfi Tereza Meyin dəfələrlə parlamenti Avropa İttifaqı ilə əldə etdiyi razılığı qəbul etdirməyə nail olmaması nəticəsində hakimiyyətə gəlib.

Mey həmçinin vəzifə müddətində Brexit danışıqlarında mövqeyini gücləndirmək üçün erkən seşkilərin keçirilməsinə çağırıb, lakin onun bu addımı nəticəsində Mühafizəkarlar Partiyası parlamentdə bir neçə yer itirib.

Cümə axşamından öncə aparılan rəy sorğularının nəticələrinə görə, Consonun partiyasının seçkidə qalib gəlmək şansı daha yüksəkdir, amma seçki kampaniyasının son günlərində iki partiya arasında rəqabət artıb.

Rəsmi nəticələrin cümə günü açıqlanacağı gözlənilir.

XS
SM
MD
LG