Accessibility links

Britaniya Putinə yaxın 6 iş adamına sanksiyaların tətbiqini təklif edir


Əlişer Usmanov
Əlişer Usmanov

Britaniya kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinə yaxın 6 iş adamına qarşı sanksiya tətbiq edilməsini təklif edir.

Bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır.

Britaniya kəşfiyyatı hesab edir ki, həmin iş adamlarına təzyiq Kremlin imkanlarını məhdudlaşdıra bilər. Britaniya hökuməti bu insanların dünya boyu biznes fəaliyyətini çətinləşdirmək istəyir.

Siyahıya Əlişer Usmanov, Roman Abramoviç, Oleg Deripasa, İqor Seçin, Arkadi və Boris Rotenberqlər daxildir.

Mənbənin yazdığına görə, artıq baş nazir Tereza Mey bu siyahını təsdiqləyib və sənəd Böyük Britaniyanın müttəfiqlərinə təqdim olunacaq.

Bu biznesmenlərin aktivləri təkrar araşdırılacaq.

Keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yulianın bu ilin martinda Britaniyanın Solsberi şəhərində zəhərlənmələrindən sonra Qərblə Rusiya arasındakı münasibətlər korlanıb. London deyir ki, bunun arxasında Rusiya durur.

Moskva ittihamı rədd edir.

Bu insidentdən sonra Britaniya ilə Rusiya qarşılıqlı qaydada diplomatları ölkədən xaric ediblər.

Bir sıra Qərb dövlətləri də yüzlərlə rusiyalı diplomatı ölkədən çıxarıb.

ABŞ və Avropa İttifaqı daxil olmaqla, bir sıra ölkələr bu insidentə görə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

XS
SM
MD
LG