Britaniyanın baş naziri Ukraynaya rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün Challenger 2 tankları göndərməyi vəd edib. Britaniyanın neçə tank göndərəcəyi dərhal bəlli olmayıb.
Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü telefonda danışıb.
Telefon danışığından sonra Zelenski Twitter-də baş nazirə “bizi təkcə döyüş meydanında gücləndirməyəcək, həm də digər tərəfdaşlara doğru siqnal göndərəcək qərarlara görə” təşəkkürünü çatdırıb.
Ukrayna paytaxtında şənbə günü bir sıra partlayışlar baş verib. Rəsmilər Kyivdə kritik infrastrukturun vurulduğunu deyib, amma nəyə ziyan dəydiyini açıqlamayıb. Partlayışlar şəhərin Dniprovski rayonunda eşidilib və raket parçalarının Holosiivski rayonunda qeyri-yaşayış sahəsinə düşdüyü deyilir.
Ukraynanın Donbas bölgəsində yerləşən Soledar şəhəRinin aqibəti hələ ki, müəyyən olunmayıb. Belə ki, Rusiya cümə günü qüvvələrinin UkrAynanın şərqindəki bu şəhəri ələ keçirdiklərini iddia edib, Ukrayna isə döyüşlərin davam etdiyini bildirir.
Əgər Moskvanın iddiası doğrudursa, bu, Rusiyanın bir neçə hərbi uğursuzluqdan sonra döyüş meydanındakı ilk irəliləyişi olacaq.
Ukraynanın şərqi hərbi komandanlığının sözçüsü Serhiy Çerevatı Reuters-ə bildirib ki, Soledar hələ ki, ələ keçirilməyib.
Reuters 11 aydır davam edən müharibədə ən qanlı döyüş meydanından birinə çevrilən şəhərdəki vəziyyəti dərhal yoxlaya biləyib.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü xalqa müraciətində deyib ki, şəhərdə və Ukraynanın şərqi Donetsk bölgəsinin başqa hissələrində döyüşlər davam edir.
“Donetsk uğrunda ağır döyüşlər davam edir. Baxmut və Soledar, Kreminna, ölkəmizin şərqindəki digər şəhər və kəndlər uğrunda döyüş davam edir,” o deyib.
CNN həmçinin cümə günü bildirib ki, Ukraynanın hərbi hissələri döyüşlərin davam etdiyini təkid edir.
“Şəhərdə yerli döyüşlər davam edir,” 46-cı Aviasiya Briqadası cümə günü Telegram-da bildirib
Ukrayna rəsmiləri cümə axşamı bildirib ki, Soledarda 15-i uşaq olmaqla, 500-dən çox mülki vətəndaş ilişib qalıb.
Hərbi ekspertlər deyir ki, Soledar ələ keçirilsə, bu, Rusiya qüvvələrinə və əməliyyatı aparan muzdlu Vaqner Qrupuna yaxınlıqdaKı Baxmutu daha asanlıqla hədəf almağa imkan verəcək.