Accessibility links

Moldovanın Dnestryanı regionu Rusiyadan onu "qorunmasını" istəyib


Moldovanın separatçı Dnestryanı bölgəsinin rusiyapərəst üsyançı rəsmiləri bu ərazinin Moskvanın qonşu Ukrayna ilə münaqişəsində yeni alov nöqtəsinə çevrilə biləcəyindən ehtiyat edərək, çərşənbə günü Rusiyaya bolgəni "qoruması" üçün müraciət edib.

Sovet İttifaqının dağılmasından bəri bu ərazi faktiki olaraq rusiyapərəst qüvvələr tərəfindən idarə olunsa da, lakin beynəlxalq səviyyədə Moldovanın bir hissəsi kimi tanınır.

Ərazi tarixində yeddinci olan xüsusi konqresdə qanunvericilər Rusiya parlamentindən Dnestryanı bölgəni "Moldovanın artan təzyiqindən qorumağı" xahiş edən qətnamə qəbul edib.

Onlar Kişinyovdakı Moldova hökumətinin Dnestryanı əraziyə qarşı "iqtisadi müharibəyə" başladığını, onu "getto"ya çevirmək məqsədilə həyati əhəmiyyətli idxalı əngəllədiyini bildirib.

"İndiki konqresin qərarları beynəlxalq ictimaiyyət tərəfindən diqqətdən kənarda qala bilməz" - deyə, separatçı respublikanın xarici siyasət rəhbəri Vitali İqnatyev iclasda bildirib.

Qətnamə prezident Vladimir Putinin Rusiya qanunvericiləri qarşısında illik müraciətini etməsindən bir gün əvvəl və Ukraynanın döyüş meydanında uğursuzluqlarla üzləşdiyi bir vaxt qəbul edilib.

Separatçı ərazi sonuncu dəfə konqresi 2006-cı ildə keçirib. O zaman deputatlar Rusiyaya inteqrasiya ilə bağlı referendum elan etdi. Səsvermə lehinə böyük səs çoxluğu ilə nəticələndi.

Dövlət mediasının məlumatlarına görə, çərşənbə günü konfransda iştirak edən nümayəndələr Ukraynadan çox az bəhs edib, əksinə, qəzəblərini ərazinin iqtisadi çətinliklərində günahlandırdıqları Moldovaya qarşı yönəldiblər.

Moldova Kremli Moskvadan çox asılı və əsasən rusdilli olan Dnestryanı regionda gərginliyi artırmaqda ittiham edib.​

Forum

XS
SM
MD
LG