Tramp administrasiyası koronavirus hallarının artdığına görə, Braziliyadan səyahətlərin qadağan edilməsini nəzərdən keçirməlidir.
CBS-nin “Face the Nation” proqramına müsahibə verən ABŞ-ın milli təhlükəsizlik məsələri üzrə müşaviri Robert Obrayan deyib ki, bu ilin əvvəlində Çin və Avropanın bəzi ölkələrindədn olduğu kimi Braziliyadan da səfərlər ləğv edilə bilər.
“Ümid edirik ki, bu, müvəqqəti olacaq. Amerika xalqının müdafiəsi naminə lazımi hər bir tədbirə əl atılacaq” - deyə, o bildirib.
Braziliyada virusa yoluxma hallarının son həftə artdığı bildirilib. Ölkədə təsdiq edilmiş 347 min yoluxma halı var. Bununla da ABŞ-dan sonra Braziliya yoluxma hallarına görə, dünyada ikinci yerə keçə bilər.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Amerika xalqına müraciətində yeni iqtisadi tədbirləri və Avropadan səfərlərin təxirə salındığını elan edib.
Tramp qlobal maliyyə bazarlarında təlatüm yaradan və amerikalıların gündəlik həyatını pozan pandemiyanın iqtisadi təsirlərinin azaldılması üçün atılan addımları açıqlayıb və Avropadan ABŞ-a səfərlərin 30 gün müddətinə dayandırılacağını bildirib.
Tramp bütün Avropa səyahətlərinin dayandırılacağını desə də, ABŞ Milli Təhlükəsizlik Nazirliyinin rəsmiləri yeni məhdudiyyətlərin yalnız Avropanın azad səyahət pasportlarına malik olanların ABŞ-a gəlməzdən 14 gün əvvəl səyahətdə olmuş insanlara şamil ediləcəyini deyib.