Prezidentliyə namizəd olduğu zaman Jair Balsonaro uzun müddət yerli əhalinin məskunlaşdığı torpaqları qorumağı dayandıracağına söz verib. Yanvarın 1-i keçirilmiş andiçmə mərasimindən sonra Brazilyada yerli qəbilələrin yaşadıqları torpaqlara silahlı hücumların sayı dəfələrlə artıb.
Braziliyanın yerli tayfaları məskunlaşdıqları mühafizə edilən torpaqlarda silahlı şəxslər tərəfindən təhdid edildiklərini söyləyir.
"Artıq qoruğumuzda təhlükəsiz gəzə bilmirik. Onlara qoruğumuzun içərisində rast gəlsək və onlar bizə güllə atmağa başlasa nə edəcəyik? Biz burada artıq şəxsi həyatımıza müdaxiləyə görə qorxu içərisində yaşayırıq”, Uru-Eu- Uau-Uau qəbiləsindən Tebu deyir.
Braziliya prezidenti Jair Balsonaro prezidentliyə namizəd kampaniyası zamanı qorunan torpaqların statusunu ləğv etməyə söz verərək, bunu aqrobiznesə maneə adlandırıb. Yerli qəbilələr bu ritorikanın onları narahat etdiyini deyir.
Qəbilə üzvləri bildirir ki, torpağı zəbt edən şəxslərlə qarşıdurmaların mobil telefonlara çəkilmiş videoları onların yeganə müdafiəsidir.
"Polis heç bir addım atmır. Onlar bizi ehtiyatlı olmağa çağırırlar. Qəsbkarlar bizim qoruğa gəlirsə biz necə ehtiyatlı olaq?”, Uru-Eu- Uau-Uau qəbiləsindən Tebu deyir.
Yaranmış gərginliklə əlaqədr hinduların maraqlarını və mədəniyyətini qoruyan hökümət təşkilatı olan Braziliya Milli Hind Fondunun rəhbəri qoruğu ziyarət edib.
"Federal hökümət torpaqların zəbt edilməsi siyasətinə qarşı mübarizə aparacaq. Braziliyada qanunlar var və bu qanunlar torpağı ələ keçirənlərə şamil olunacaq”, Braziliya Milli Hind Fondunun rəhbəri Franklimberq de Fretias deyir.
Seçkilərin qaydaları dəyişdirdiyini deyən qəbilə üzvləri isə bundan rahat olmur.
"Atam torpaqlara hücum edənlərin başçısı ilə danışıb. O bunları Balsonaronun seçkilərdə qalib gəldiyi üçün etdiyini deyib. Onlar uşaqları incitməklə hədələyir. Onlar bizə bu məsələyə qarışdığımız halda geri gəlib kəndi yandıracaqlarını deyiblər”, Uru-Eu- Uau-Uau qəbiləsindən Boatuto deyir.
"İnsanlar prezidentin çıxışını yerli qəbilələrə hücuma icazə kimi başa düşüb. Bu mülahizə qəsbkarlıq halları və yerli əhaliyə qarşı təhlükələrin artırılmasına xidmət edir", Kaninde Ətraf Mühitin Qorunması təşkilatından İvaneyde Bandeyra deyir.
Torpaqların zəbt ediməsi halları oktyabr ayında keçirilmiş prezident seçkilərindən sonra 150 faiz artıb. Balsonaro qoruqlarda yaşayan yerli qəbilələri heyvanxanadakı heyvanlarla müqayisə edib. Hüquq müdafiəçilərinin sözlərinə görə, belə ritorika 850 mindən çox yerli əhali üçün təhlükə yaradır.